EN

İqlim fəaliyyətinin inkişafında QHT-lərin rolu

COP29 çərçivəsində noyabrın 15-də “Qlobal Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” mövzusunda genişmiqyaslı tədbir keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, inkişaf etməkdə olan dövlətlərin və ada ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələri fəal iştirak ediblər. Tədbirə, həmçinin müxtəlif beynəlxalq təşkilatların, aparıcı QHT-lərin, dövlət qurumlarının nümayəndələri, elm adamları və iqlim sahəsində fəaliyyət göstərən ekspertlər də qatılıblar.

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev videoçarx vasitəsilə tədbir iştirakçılarına müraciət edərək müzakirə olunan mövzunun əhəmiyyətinə diqqət çəkib: “Bugünkü toplantımız iqlim dəyişikliyinə qarşı mübarizədə ümumi öhdəliyimizin daha bir göstəricisidir. Bu, həll etməli olduğumuz bir sınaqdır və planetimizdəki həyatın gələcəyini müəyyən edəcək. Bu, hər bir ölkənin və hər bir sektorun birgə əməkdaşlığını tələb edir. Mən buradan bütün iştirakçılara və tərəfdaşlara müraciət edərək, razılaşmaların ruhunu şərəfləndirməyə çağırıram. Yalnız birgə səylərimizlə bu problemin öhdəsindən gələ bilərik”.

COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai videoçarx vasitəsilə müraciətində diqqətə çatdırıb ki, milli hökumətlər, inkişaf siyasətləri, iqlim liderləri və yerli xalqların nümayəndələri qarşısında duran çağırış iqlim dəyişikliyidir: “Gələcək nəsillər üçün daha yaxşı dünya qurmaq məqsədilə birgə fəaliyyətimizi davam etdirməliyik”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Məmmədova, BMT-nin QHT şöbəsinin rəhbəri Vuk Cin Çanq, “Təmiz Torpaqlar” təşəbbüsünün yaradıcısı, 2023-cü il Dünya Ərzaq Mükafatının laureatı Heidi Kuhn və başqaları iqlim məsələləri ilə bağlı daha sıx əməkdaşlıq platformalarının yaradılmasının zəruriliyini vurğulayıblar.

XQ

Chosen
37
xalqqazeti.az

1Sources