Dünya boksunun canlı əfsanəsi Mayk Tayson tanınmış bloqer Ceyk Pola məğlub olub.
News24.az xəbər verir ki, C.Pol Texas ştatının Arlinqton şəhərindəki AT&T arenada təşkil olunan peşəkar boks gecəsində hakimlərin qərarı ilə qalib elan olunub - 79:73.
Görüşlə bağlı bəzi azarkeşlərin müxtəlif fikirləri səslənib. Belə ki, görüşün öncədən hazır ssenari üzərində getdiyini iddia ediblər.
Mövzu ilə bağlı idman jurnalisti Kənan Məstəliyev News24.az-a açıqlamasında deyib ki, Tayson məğlub olsa belə, onun rinqə qayıdışı bayramdır.
“Tayson bizim uşaqlıq dövrümüzün əfsanəvi boksçularından biridir. Bu görüşdə Taysonun məğlub olmasına rəğmən, o, böyük boksçudur. Təbii ki, Ceyk Pola Taysondan gənc, daha enerjili döyüşçüdür. Ancaq əfsanə rəqibinə qarşı 8 raundun hər birində yaxşı mübarizə apardı, ayaqüstə döyüşməyi bacardı, naqdaun olmadı. Hiss olundu ki, başa-baş mübarizə getdi, bunun özü ciddi göstəricidir. Ümumiyyətlə, Taysonun nəticə olaraq qalib gəlməsi prinsipial əhəmiyyət daşımır, onun rinqə çıxması qələbə deməkdir. Azarkeşlər Maykın rinqə qayıdması nostalji hisslər yaşadı, bunun üçün idmançıya təşəkkür etmək olar”, - deyə o bildirib.
Qeyd edək ki, 58 yaşlı Tayson peşəkar karyerası ərzində buna qədər keçirdiyi 56 dəfə rinqə çıxıb, 50 qələbə qazanıb, 6-da isə məğlub olub. O, peşəkar karyerasını 2005-ci ildə başa vurub.
Ceyk Pol isə əvvəlki 11 döyüşün 10-da qələbə qazanıb, 1 döyüşdə məğlub olub.
Ağa Dadaşzadə