EN

Milli Məclisin sədri: Artıq COP29-da mühüm nəticələr əldə olunub

COP29-a hazırlıqlar üçün digər ölkələrlə müqayisədə daha az vaxt olmasına baxmayaraq Azərbaycan Sədrliyi bütün maraqlı tərəfləri cəlb etmək üçün çox böyük işlər görüb.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Spiker təəssüflə qeyd edib ki, bu hazırlıqlar zamanı ölkəmiz bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib: “Aydındır ki, bəziləri ümumi çağırışlar qarşısında dialoqun, əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Digər tərəfdən, onlar hələ də başa düşmürlər ki, kritik əhəmiyyətinə görə iqlim dəyişikliyi məsələsi onların dar maraqlarını və siyasi motivli ambisiyalarını nümayiş etdirmək üçün platforma ola bilməz.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla öz işinə başlayıb və bütün maraqlı tərəflərin cəlb edilməsi ilə öz işini davam etdirir: “Parlament Görüşümüz Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitindən və bir sıra digər mühüm tədbirlərdən və görüşlərdən sonra keçirilir. Fəaliyyət Gündəliyi və COP29 Sədrliyi tərəfindən irəli sürülən 14 təşəbbüs inklüziv prosesin nəticəsidir, hərtərəfli yanaşma nümayiş etdirir və qlobal iqlim fəaliyyətində hamını bir araya gətirir.

Davam edən müzakirələr nəticəsində artıq bəzi mühüm nəticələr əldə olunub”.

Chosen
25
4
apa.az

3Sources