EN

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi seminar keçirilib.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Bildirilib ki, elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi “Yaşıl kitabxana konsepsiyası” mövzusunda məruzə edib. Əvvəlcə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının əhəmiyyəti diqqətə çatdırılıb. Bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs olunub. "Yaşıl dünya naminə həmrəylik ili"ndə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinin ölkəmizə, dövlət başçımıza olan etimadın göstəricisi olduğu vurğulanıb.
 
Məruzədə kitabxana-informasiya fəaliyyətində yeni və mühüm istiqamət kimi meydana çıxan yaşıl kitabxana konsepsiyası şərh olunub, bu konsepsiyanın reallaşdırılmasının cəmiyyətin həyatında oynayacağı rolun mahiyyəti və məzmunu geniş şəkildə izah edilib. Xarici mütəxəssislərin bu sahədə apardığı tədqiqatlar barədə ətraflı məlumatlar iştirakçıların nəzərinə çatdırılıb. Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının (IFLA) hesabatları və qəbul etdiyi müvafiq sənədlər əsasında hazırlanmış təqdimatda yaşıl kitabxana konsepsiyasının məqsədi, arxitekturası, vəzifələri elmmetrik səviyyədə öyrənilib. Pərviz Kazimi qeyd edib ki, hazırda yaşıl kitabxana hərəkatının genişləndirilməsi, bu tipli kitabxanaların standartlaşdırılması və sertifikasiyası məsələləri aktual problemlərdəndir: “Yaşıl kitabxana konsepsiyasının həyata keçirilməsi proseslərində enerjiyə və digər resurslara qənaət, ətraf mühitin və insan sağlamlığının qorunması kimi amillər diqqət mərkəzində olmalı, bu mühüm tələblərə cavab verən infrastruktur yaradılmalıdır”.
 
Məruzədə ölkəmizdə fəaliyyət göstərən kitabxanaların bu istiqamətdə mövcud resurs və potensiallarından da bəhs olunub.
 
Elmi seminar müzakirələrlə davam edib. 
Chosen
40
3
moderator.az

4Sources