EN

“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?” - Hulisi Kılıçdan Borellə şillə kimi SUALLAR

“Cinayətkarı müdafiə etmək onun cinayətinə ortaq olmaq deməkdir. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrellin Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırmasını pisləyirəm. Borell dünyanın qalan hissəsinə xor baxır, xalqlara hörmətsizlik göstərir və onları təhqir edir”.

Bunu Musavat.com-un müxbirinə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib. Sabiq səfir dövlət başçısı İlham Əliyevin noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitindəki çıxışını xatırladıb. H. Kılıç prezidentin Fransa və Niderlandın neokolonializm siyasətini cəsarətli çıxışı ilə tənqid etdiyini dilə gətirib. 

 “Ali Baş Komandan İlham Əliyev noyabrın 13-də etdiyi çıxışında bildirdi ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.

Prezident qeyd etdi ki, Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyub, 169 nəfəri yaralayıb,  1700 insan həbs edilib.

Eyni zamanda Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunların qarşısında Avropa Birliyi siyasi riyakarlıq göstərərək susur. İlham Əliyev bu cinayətlərə susan Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasını sərt tənqid etdi. Bu, bir gerçəkdir və dilə gətirilməli idi. İlham Əliyevin çıxışını alqışlayıram. 

Borell görünür, Ali Baş Komandanın gerçəyi dilə gətirməsindən rahatsız olub. Onun Fransa və Niderlandın törətdiyi cinayətləri müdafiə etməsi bu cinayətə ortaqlığından xəbər verir. Əks halda o, Yeni Kaledoniya, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon və digər ada dövlətlərində baş verən cinayətlərə göz yummazdı. 

Fransa prezidenti Emmanuel Makronun  və Cozef Borellin COP 29-a qatılmasını,  ada dövlətlərinin iqlim dəyişikliyi səbəbindən çəkdiyi sıxıntıları və üzləşdikləri problemləri dinləmələrini çox arzu edərdik.

Cənab Borell, COP29 tədbirini  Azərbaycan BMT ilə ortaqlaşaraq təşkil edib. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa nədən Bakıya gəlmədi? Qoy Borell buna cavab versin.

 Azərbaycanın COP-a sədrlik etməsi qərarı verildikdən bu ölkəyə qarşı aparılan qarayaxma kampaniyasına görə məsuliyyət kimin üzərinə düşür, qoy Borell buna da cavab versin.

Niyə Avropa Birliyi daxilində COP29-a qatılmama çağırışları edildi, bu suallar Borelli gözləyir.

İqlim dəyişikliyi, dəniz və okean sularının kirlədilməsi, sellər, quraqlıq, meşə yanğınları gələcək nəsilləri  təhdid edən ən güclü problemlərdir. Bu problemlərə Bakıda həll axtarılır.

Cənab Borell və Makron, COP29 siyasi arena deyil, ciddi problemlərə həll axtarmaq yeridir. İqlim dəyişikliyinə sənayeləşmiş ölkələrin səbəb olduğu sirr deyil, bunu hər kəs bilir. Buyurun, gəlin, səbəb olduğunuz problemlərə görə insanlığa yardım edin”. 

Səfir bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib:

“Azərbaycan kiçik ada dövlətlərinin problemlərini COP29-da gündəmin müzakirəsinə çevirib. Bu, çox önəmlidir və  COP tədbirində ilk belə hadisədir.  Azərbaycan iqlim dəyişikliyi qarşısında sıxıntıları olan kiçik dövlətlərə yardım etmə qərarı alıb. Bu dövlətlərlə bağlı maliyyə fondunun yaradılması Azərbaycanda müzakirə edilir.

 BMT rəsmiləri də COP 29-un bu günə kimi edilən COP tədbirləri ilə müqayisədə daha məhsuldar keçdiyini ifadə edirlər. Onun yüksək səviyyədə təşkil edilməsi iştirakçıları təsirləndirdi.

COP29 ilə  Azərbaycanın qonaqpərvərliyi, beynəlxalq tədbirləri təşkiletmə qabiliyyəti göründü.  Azərbaycan insanlığın gələcəyinə xidmət edir. İnsanlığı təhdid edən iqlim dəyişikliyi probleminin  həllində  Qərb dövlətlərindən daha çox xidmət göstərir. Bu toplantı Azərbaycanın dünyadakı imicini yüksəltdi. Bir çox dövlət başçısı ilk dəfə Azərbaycana gəldi. Bu, çox böyük uğurdur. Ali Baş Komandan İlham Əliyevin və xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində COP29 ilə Azərbaycan böyük uğur qazandı. Bu, bütün türk dünyasının uğurudur”.

Şahanə Rəhimli

Musavat.com

Chosen
106
50
musavat.com

10Sources