EN

Uşaqlar mediada necə təmsil olunur?

20 noyabr - uşaq hüquqlarının qorunması və onların gələcəyinə qayğının vacibliyini təsdiqləyən bir tarixdir. Məlum olduğu kimi 18 yaşınadək hər kəs uşaq hesab olunur. Bu nəzərdən də Ümumdünya Uşaq Hüquqları Günü, sadəcə, uşaqların hüquqlarını xatırlamaq üçün bir fürsət deyil, eyni zamanda, onların həyatını yaxşılaşdırmaq üçün bir imkandır.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Sevinc Məmmədovanın “20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü: uşaqlar mediada necə təmsil olunur” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Hər bir uşaq güvənli və sevgi dolu mühitdə böyüməlidir. Bunu təmin etmək üçün bütün dünyada, o cümlədən Azərbaycanda mühüm addımlar atılır, uşaq hüquqlarının qorunması və sosial təminatı sahəsində yeni proqramlar həyata keçirilir. Son illərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv təhsil proqramları yaradılır, reabilitasiya mərkəzləri açılır. Təbii ki, sevgi və nəvazişlə böyüyən uşaqlar cəmiyyətin güclü, məsuliyyətli, çətinliklərə dözümlü vətəndaşlarına çevriləcəklər. Odur ki, hər birimizin üzərinə uşaqlarımıza qarşı daha diqqətli olmaq, problemlərinə həssas yanaşmaq kimi böyük məsuliyyət düşür.

Mediada uşaqlara münasibət - eşidək və qoruyaq

Uşaqların hüquqlarından biri də eşidilmə hüququdur. Onların düşüncələri və təklifləri eşidilməli və dəyərləndirilməlidir. Lakin uşaqların mövqeyi cəmiyyətdə, xüsusən də mediada istənilən səviyyədə deyil. Onlara nadir hallarda öz fikirlərini ifadə etmək və ya xəbər mənbəyi kimi çıxış etmək imkanı verilir. Bu isə fərdi təcrübə və perspektivlərin çox vaxt diqqətdən kənarda qalmasına səbəb olur. Təəssüf ki, media uşaqları ya problemlərin mərkəzində duran “məsuliyyətsiz yeniyetmələr”, ya da yoxsulluq, zorakılıq və təbii fəlakətlərin qurbanı kimi təqdim edir.

Mediada uşaqların mənfi kontekstdə təsvir olunması onlarda stereotiplərin yaranmasına, onların ictimai imicinə və gələcək həyatına təsir edə bilər. Belə ki, uşaqlar yalnız kömək və himayəyə ehtiyacı olan fərdlər kimi deyil, həm də cəmiyyətin fəal üzvləri kimi tanınmalıdır. Məsələn, məktəblərdə təhsil problemləri, sosial ədalətsizlik və ya ekoloji məsələlərin müzakirəsində daha çox böyüklər çıxış edir. Halbuki uşaqlar müəyyən mövzu ətrafında rəy və düşüncələrini fərqli, özünəməxsus formada təqdim edə bilərlər.

Media uşaqların mövqelərinin öyrənilməsinə, onları təkcə qurban kimi deyil, həm də problemlərin həllində fəal iştirak edən tərəflər kimi tanıdılmasına, fikirlərinin dinlənilməsinə və qiymətləndirməkdə məsuliyyətli olmalarına və onların ictimai mövqeyini, bacarıqlarını lazımi qaydada göstərməyə kömək etməlidir.

Respublikamızda uşaqların iştirakı ilə müxtəlif sahələrdə rəsm və idman yarışları, hakatonlar, olimpiadalar, marafonlar və digər layihələr keçirilir. Sözügedən tədbirlərdə uşaqlar biliklərini artırır, həyat üçün vacib olan bir çox bacarıqları inkişaf etdirirlər. Yarışlar uşaqlara nəzəri bilikləri təcrübədə tətbiq etmək, mövcud problemlərin yeni həll yollarını düşünərək tapmaq imkanı yaradır, fikirlərini ifadə etməyi, başqalarını dinləməyi və mübahisə vərdişlərini aşılayır. Sadalanan keyfiyyətlər gələcək həyat üçün çox vacibdir. Təəssüf ki, bəzən bu məlumatlar medianın diqqətindən kənarda qalır, yaxud da qısa xəbər başlıqlarında öz əksini tapır. Adətən bunlar qısa, informativ xəbərlərdir, halbuki uşaqlarla bağlı mövzuları tematik, analitik materiallarda daha geniş əhatə etmək olar.

Səmimi düşüncələr

Bir anlıq qanunları və qaydaları kənara qoyub uşaqları dinləsək, onlardan nələri öyrənə bilərik? Çox vaxt unuduruq ki, uşaqların da öz baxışları, istək və sıxıntıları var. Bəzən onların dedikləri ən sadə cavablar belə gerçəkliyi üzə çıxarır, düzgün qərar verməkdə yardımçı olur. El məsəlində deyildiyi kimi “Sözün ən doğrusunu uşaqdan xəbər al”; “Uşaq sözün düzünü deyər”. Uşaqların fikirləri çox vaxt səmimi və dürüst olur, gördüklərini bəzəmədən, hiss etdiklərini olduğu kimi, açıq şəkildə söyləyirlər. Asan dildə ifadə etdikləri problem və ya xahişlər ətrafındakıları düşünməyə, həll yolları axtarmağa yönləndirə bilər.

Bəs görəsən uşaqlar nə düşünür: “Dostumla mübahisə edəndə kədərlənirəm düşünürəm ki, böyüklər də bağışlamağı unutduqları üçün mübahisə edirlər”; “Sehrli çubuğum olsaydı istərdim ki, heç kim xəstələnməsin və uşaqlar həmişə valideynlərinin yanında olsunlar”; “Mən valideynlərimlə daha çox vaxt keçirmək, deyib-gülmək istəyirəm. Gəlin, hamımız birlikdə olaq"; "Xahiş edirəm, təbiəti düşünün. Ağacları kəsirlər, suyu çirkləndirirlər... Belə davam etsə, nə təmiz havamız, nə də meşələrimiz qalacaq. Axı, biz də böyüyəndə təmiz hava, gözəl meşələr görmək istəyirik", “Ağaclar kəsilsə, gələcək nəsillərin təmiz havası qalmayacaq”.

Göründüyü kimi, uşaqların ətraf mühitin və insan münasibətlərinin ahənginə dair müstəqil baxışları, gördüklərini düzgün qiymətləndirmək qabiliyyəti var. Bəzən sadə həqiqətləri və həyatın əsas dəyərlərini yenidən xatırlamaq məhz uşaqların dilindən gələn səmimi sözlər sayəsində mümkündür.

Ümumdünya Uşaq Hüquqları Günü təkcə bu hüquqları xatırlamaq üçün bir fürsət deyil, həm də onlardan həqiqətən nəyin vacib olduğunu öyrənmək imkanıdır. Gəlin unutmayaq ki, bu gün atdığımız addımlar sabahın güclü və sağlam mühitinin əsası olacaq. Axı, uşaqlar təkcə ailənin deyil, bütün cəmiyyətin gələcəyidir.

Chosen
30
tehsil.biz

1Sources