EN

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər açıqlanıb

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, qurum tərəfindən 2024-cü ilin 10 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 139,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 43 hərrac keçirilib. Hərraclarda 6 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 525 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-oktyabr ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə elektron sifarişlərin sayı 391, “Elektron Hərrac” proqram təminatı vasitəsilə onlayn qoşulmaların sayı isə 48 olub.

Cari ilin 10 ayında özəlləşdirmədən dövlət büdcəsinə 108,2 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artım qeydə alınıb.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 519-u qeyri-yaşayış, 2.951-i isə torpaq sahəsi üzrə olmaqla 3.470 yeni icarə müqaviləsi bağlanılıb.

2024-cü ilin 10 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 31,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 139,8 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım qeydə alınıb.

Chosen
49
3
vergiler.az

8Sources