EN

İ.Maskın illər əvvəl bazara çıxmasına mane olduğu altcoin ilə bağlı təfərrüatlar məlum olub

"Tesla"nın baş direktoru İlon Maskın, "OpenAI"nin 2018-ci ildə planlaşdırdığı ilkin koin təklifini (ICO) dayandırdığı iddia edilir.

Valyuta.az xəbər verir ki, bu məlumat 14 noyabrda təqdim edilən məhkəmə sənədində yer alıb.

Məhkəmə sənədində "OpenAI"nin təsisçilərinin şirkəti maliyyələşdirmək üçün kriptovalyuta buraxmağı düşündükləri, lakin həmin dövrdə idarə heyətinin üzvü olan Maskın bu fikrə qarşı çıxdığı qeyd olunub.  

Hesabatda təsisçilər Sem Altman (Sam Altman) və Qreq Brokman (Greg Brockman) 2018-ci ilin əvvəlində qeyri-kommersiya təşkilatına maliyyə dəstəyi təmin etmək üçün ICO təklif etdikləri vurğulanıb. Mask isə belə bir addımın "OpenAI və ICO ilə əlaqəli hər kəs üçün böyük bir etibarlılıq itkisiylə nəticələnəcəyini" bildirib.  

Həmin dövrdə "OpenAI" təhlükəsiz ümumi süni intellekt (AGI) inkişaf etdirməyə həsr olunmuş qeyri-kommersiya təşkilatı idi. Maskın hüquq komandası onun süni intellektin yaratdığı risklərdən narahat olduğu üçün bu təşəbbüsə 44 milyon dollarlıq sərmayə qoyduğunu açıqlayıb.  

2019-cu ildə "OpenAI" missiyasını həyata keçirmək üçün ciddi maliyyə resursları tələb etdiyini əsas gətirərək kommersiya modelinə keçdi. Mask isə həmin vaxt "OpenAI"ni "Tesla" ilə birləşdirməyi təklif etsə də, bu fikir həyata keçmədi. O, fevral 2018-də "OpenAI"nin idarə heyətindən uzaqlaşdığını elan etdi.  

"OpenAI" nəhayət, 2023-cü ildə, beş il əvvəl dayandırılmış ICO planından sonra "Worldcoin" (WLD) adlı altkoinini bazara çıxardı.  

2024-cü ilin avqustunda Mask, "OpenAI" rəhbərləri Sem Altman, Qreq Brokman və əsas tərəfdaşı "Microsoft"u məhkəməyə verərək dələduzluq, haqsız rəqabət və federal qanun pozuntularında ittiham etmişdi. 2019-cu ildə "OpenAI"yə 1 milyard dollar sərmayə qoymuş "Microsoft" dəyişdirilmiş iddiada cavabdeh kimi göstərilib.  

"OpenAI" Maskın iddialarına rəsmi açıqlama ilə cavab verərək məyusluğunu ifadə edib:  

"Dərin heyranlıq bəslədiyimiz birisi ilə - bizi daha yüksək məqsədlərə çatmağa ruhlandıran, sonra uğursuz olacağımızı deyən, rəqib bir şirkət quran və biz onun iştirakı olmadan missiyamızda irəliləyiş əldə etdikdə bizə qarşı məhkəmə işi açan - bu vəziyyətə gəldiyimiz üçün təəssüflənirik."  

Qeyd edək ki,"OpenAI"dən ayrıldıqdan sonra Mask 2023-cü ildə öz süni intellekt şirkəti olan "xAI"ni quraraq inkişaf etmiş süni intellekt sistemlərində də fəaliyyətini davam etdirmşdi.

Rəhim

Chosen
41
valyuta.az

1Sources