EN

Parlament Görüşü çərçivəsində iqlim dəyişikliyinin təsiri müzakirə olunub

COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü çərçivəsində “İqlim dəyişikliyinin təsirini anlamaq” mövzusunda panel müzakirələri keçirilib.

APA xəbər verir ki, paneldə çıxış edən Tonqa qanunverici orqanın spikeri Lord Fakafauna deyib ki, iqlim dəyişikliyi artdıqca vəziyyət daha da pisləşəcək.

Lord Fakafauna bildirib ki, iqlim dəyişikliyi təsirlərini azaltmaq mümkündür: “Lakin bunun üçün maliyyə və texniki dəstəyə ehtiyac var. Biz indi temperatur artımında 1.5 dərəcənin üstündəyik. Bu templə davam etsək, vəziyyət daha da pisləşəcək və hətta 3 dərəcəyə yaxınlaşacağıq. Bunun qarşısı almaq üçün qanunverici orqanlar da qanunlarla bu problemin qarşısının alınmasında öz rolunu oynamalıdır”.

Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda isə qeyd edib ki, COP29 çərçivəsində qəbul edilən qərarlar milli, regional və qlobal əməkdaşlıq mexanizminin formalaşmasına kömək edəcək: “İqlim dəyişmələrinə qarşı həssas olan Tacikistanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda ciddi maneələri var. Buna əsas səbəb buzlaqların sürətlə əriməsidir. Bərpaolunan enerji resursları və yaşıl enerjidən istifadə mütləqdir. Bunlardan səmərəli istifadə ilə istixana qazlarının azaldılması baxımından səmərəli nəticə əldə edilə bilər. 2032-37-ci ilə qədər Tacikistan enerji istehsalını bərpaolunan enerji ilə əvəzləmək və tamamilə yaşıl ölkəyə çevirmək niyyətindədir. Ölkədə elektrik enerjisinin təxminən 98 %-i su elektrik enerjisindən alınır. Tacikistanda ölkə qanunvericiliyinin təkmilləşməsinə ehtiyac var və səylərimiz buna doğru yönəlib. Ətraf mühitlə bağlı qanun layihələrinin hazırlanması istiqamətində işlərimiz davam etdirilir”.

Albaniya Respublikası parlamentinin sədri Elisa Spiropali qeyd edib ki, iqlim dəyişikliyi problemi getdikcə böyük vüsət almağa başlayıb: “Parlament nəzarətini artırmalı, və beynəlxalq əlaqələrdə dialoqu gücləndirməliyik. Ən çox çirkləndiricilər ən böyük şirkətlərdir. Amma onlar vəziyyəti dəyişə bilərlər. Yalnız danışmaqla kifayətlənməməliyik. Albaniya da Paris Sazişi çərçivəsində olan ambisiyalara dəstək verir. Parlament iqlim dəyişikliyi ilə mübarizə tədbirlərində qanunvericilik sahəsində iş görməkdədir”.

Panel parlamentarilərin müzakirələri ilə davam edib.

Chosen
30
4
apa.az

5Sources