EN

Albaniya enerji keçidinə xüsusi əhəmiyyət verir - Parlament sədri

Albaniya enerji keçidinə emissiyaların azaldılması üzrə əsas faktor kimi xüsusi əhəmiyyət verir.

Olaylar xəbər verir ki, bunu Albaniya parlamentinin sədri Elisa Spiropali COP29 çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi və Parlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkil edilən Parlament görüşünün tərkib hissəsi olan "Zəminin hazırlanması: iqlim dəyişikliyinin real təsirini anlamaq" sessiyasında deyib. Tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.

"Ölkənin istehsal fəaliyyəti 100 faiz bərpa olunan enerji mənbələrinə əsaslanır. Enerji göstəricilərimizi diversifikasiya etmək və gücləndirmək məqsədilə transformasiya planının icrasına başladıq.

Uzunmüddətli strategiyamız günəş və külək enerjisi, həmçinin, hidroenergetika üzərində dayanaraq bərpa olunan enerji mənbələrinin gücünü artırmağı nəzərdə tutur.

2023-cü ildə Albaniya mühüm bir mərhələyə nail oldu və hidroenergetika hesabına ölkə daxilində istehsal olunan enerjinin xalis ixracatçısına çevrildi", - deyə o bildirib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
1
olaylar.az

2Sources