EN

Fernandu Santuşun QALXANI

Fernandu Santuşun rəhbərliyi altında Azərbaycan millisi meydana çıxdığı 4 matçda da məğlubiyyət yaşayıb.

İnsafən, Slovakiya ilə səfər qarşılaşması (0:2) xaric, digər 3 görüşdə milli pis təsir bağışlamayıb.

Nə qol vəziyyətlərində rəqiblərinə uduzub, nə də ərazi üstünlüyündə.

Ya şans yığmadan üz döndərib, ya da intizam problemi başa bəla olub.

Hər halda, Estoniya ilə səfər oyununda qaçırılan şanslar, İsveçlə görüşdə Ramil Şeydayevin hoqqabazlığı və Slovakiya yığması ilə son ev oyununda Mahir Emrelinin qırmızı vərəqə almasına başqa nə ad verək?

Santuş da Estoniya millisi ilə oyun öncəsi mətbuat konfransında yuxarıdakı faktları növbəti dəfə dilə gətirib. Düzdü, yalan nəsə deməyib.

Lakin sadalanan faktlar portuqaliyalının əlində uzun müddət qalxan rolunu oynamalı deyil.

Komanda uduzursa, birinci günahkar şübhəsiz ki, baş məşqçidir.

70 yaşında onu bura ona görə gətiriblər ki, həmin problemləri həll etsin.

Azalır yarım ildi ölkəmizdədir. Bu müddət yetərli olmalıdır ki, futbolçuları yaxından tanısın. Psixoloji durumlarına bələd olsun.

Düzdü, qısa müddətdə hücumçuların məhsuldar davranışını düzəltmək mümkün deyil.

Amma milli üzvlərinə daha məsuliyyətli olmağı, nizam-intizamı hər addımda pozmamağı aşılamaq, beyinlərinə soxmaq onun boynunun borcudur.

İnanaq ki, Estoniya ilə ev oyunu bu baxımdan fərqlənəcək. Daha matçdan sonra yaxşı oyun, bəxt söhbətləri etməyəcəyik. Parlaq qələbədən ağızdolusu danışacağıq.

Əks halda əcnəbi mütəxəssisin millimizdəki gələcəyi haqlı olaraq böyük sual altına düşəcək.

XANOĞLAN İMANOV

Chosen
31
sportinfo.az

1Sources