EN

"Prezident COP-u qaralamaq istəyənlərin də "dərsini verdi"" - ŞƏRH EDİLDİ

"Prezident COP-un açılışında Azərbaycanın enerji keçidi siyasətinin əsaslarını geniş təsvir etdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycanın enerji keçidi siyasəti həm milli maraqlara, həm də qlobal mənafelərə uyğundur: "Yəni Azərbaycan bu siyasəti aparmaqla həm ölkəmizin özünün yaşıl enerji mənbələrinə doğru dönməz kurs götürdüyünü göstərir, eyni zamanda onu da nümayiş etdirir ki, iqlim dəyişməsinin dünyada hər bir dövlətə və xalqa hansı təhlükələri gətirdiyinin fərqindəyik. Prezidentin dünyaya ilk ən böyük mesajı bu oldu ki, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı siyasəti tək özümüzə yox, həm də bütün dünyanın maraqlarına uyğundur. Prezident növbəti dəfə hamının vahid bir kurs ətrafında fəaliyyətini əlaqələndirməsinin zəruriliyini vurğuladı. COP-un öz hədəflərinə yalnız birgə fəaliyyətlə çata biləcəyi İlham Əliyevin dünyaya mühüm mesajlarından biri oldu".

"Azərbaycanı "neft- qaz dövləti " kimi uyğun olmayan ifadə ilə qaralamaq istəyənlər öz cavablarını aldılar. Prezident haqlı dedi. Əgər Azərbaycan bu gün qlobal karbon emissiyasının ancaq 0,1 faizinə görə məsuliyyət daşıyırsa, atmosferi 25-30 faizlik payla çirkləndirənlərin Azərbaycana iradlar səsləndirməsinin yeri yoxdur. Ancaq Azərbaycan qlobal təhlükəyə dövlətlərin reaksiyasının əsil nümunəsini göstərir. Azərbaycan göstərir ki, indi təbii yanacağı olan ölkələrə irad tutmaq, həm də ədalətsiz irad tutmaq yox, onların qlobal iqlim fəaliyyəti sahəsində gördüyü işlərə obyektiv qiymət vermək lazımdır. Azərbaycanın nə günahı var ki, təbii qazıntı yanacaqlarına malikdir və bunu indiyə qədər öz xalqının və dünyanın təhlükəsiz enerji maraqları naminə istifadə edir?! Eləcə də dünyanın əsas enerji istehlakçıları olan ölkələrin Azərbaycan kimi dövlətlərə yuxarıdan, ya həqarətlə baxmağa nə haqları var?!

Prezident COP-u qaralamaq istəyənlərin də "dərsini verdi". İlham Əliyev onlara dedi ki, ədalətsiz siyasətdən əl çəkin və həqiqətən dünyanın xilası üçün çalışan Azərbaycan kimi dövlətlərə dəstək verin, ya da ki, heç olmasa ayağımızdan tutub mane olmayın" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Chosen
37
1
sia.az

2Sources