EN

"COP29 dünyanın diqqətini Azərbaycana yönəldib" - AÇIQLAMA

"Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransının (COP29) Bakı şəhərində keçirilməsi Azərbaycanın onsuz da artmaqda olan beynəlxalq nüfuzunu və imicinin daha da yüksəldiyini göstərir". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra təkcə Ermənistana qarşı deyil, onun havadarlarına qarşı da mübarizə aparır:

362539

"Ermənipərəst və anti-Azərbaycan siyasəti aparan qüvvələrə rəğmən belə mötəbər bir tədbirin ev sahibliyinin ölkəmizə verilməsi gücümüzün təzahürüdür. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil səsin olması ölkəmizin beynəlxalq imicindən və nüfuzundan xəbər verir. Bu, həm də Azərbaycanın "yaşıl enerji" sahəsində yürütdüyü siyasətə olan münasibəti göstərir". 

Ekspert COP29 ərəfəsində bəzi qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyaları apardıqlarını da söyləyib:

"Azərbaycana qarşı olan qüvvələr də öz niyyətlərini ortaya qoydular. Bu, həmişə olub, bu gün də var, bundan sonra da olacaq. Lakin Azərbaycan İkinci Qarabağ müharibəsində böyük zəfər qazandı, ərazi bütövlüyü və suverenliyi tam bərpa etdi. Azərbaycan tarixində heç vaxt əldə edə bilmədiyi qədər böyük qələbə qazanaraq ərazilərimizin hamısına nəzarət edir. Əlbəttə ki, bu da çox önəmli və əhəmiyyətli tarixi hadisədir". 

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan indiyə kimi bütün beynəlxalq tədbirlərdə həmişə layiqli şəkildə iştirak edib:

"Həmçinin, ölkəmiz 4 il ərzində Qoşulmama Hərəkatının sədri olub. Bu gün də bir sıra beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstəririk. Bütün bu faktorlar COP29-un ölkəmizdə keçirilməsinə razılıq verilməsinə çox ciddi təsir etdi. COP beynəlxalq aləmdə insanlıq və bəşəriyyət üçün önəmli olan iqlim problemləri ilə bağlı müzakirə platformasıdır".

Xəyal Bəşirov vurğulayıb ki, bu gün dünyanın 100-ə yaxın dövlətinin prezidenti, baş naziri, vitse-prezidenti və digər yüksək rütbəli şəxsləri tədbirdə iştirak edir:

"Düşünürəm ki, bu baxımdan da COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin və dünyanın diqqətinin Azərbaycana yönəlməsi deməkdir.

COP29-un paytaxtımızda keçirilməsi bizim siyasi, iqtisadi və infrastruktur baxımından belə tədbirlər keçirmək gücündə olduğunu nümayiş etdirir. Bu tədbirin tarixi əhəmiyyəti bundan sonra da özünü göstərəcək".

Pərviz

Chosen
38
50
hit.az

10Sources