EN

"Uşaq üçün ağzı açıq quyular daha təhlükəlidir" — AÇIQLAMA

Xəbər verdiyimiz kimi Bakı şəhəri Xəzər rayonu Albalılıq qəsəbəsi ərazisində bir nəfər su quyusuna düşüb. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub. Hadisə ilə bağlı nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2008-ci il təvəllüdlü İsmayılov Vaqif Emin oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 30 metr olan su quyusuna düşüb. Səbəbsə yeniyetmənin quyuya düşən iti xilas etmək istəyi olub. Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə V.İsmayılovu və iti quyudan çıxararaq xilas ediblər.

Təhlükəsizlik məsələləri üzrə eksper Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, su və neft quyuları olan ərazilərdə təhlükəsizlik tədbirləri görülməlidir:

"Açıq təsərrüfat ərazilərində, sənaye obyektinin ərazisində və ya fərdi yaşayış evinin ətrafında yerləşən quyuların ətrafı mütləq çəpərlənməlidir. Əraziyə sərbəst giriş məhdudlaşdırılmalıdır. Ərazidə xəbərdaredici nişan və məlumatverici lövhə qoyulmalıdır. Quyunun giriş hissəsi bağlı olmalıdır. Ağzı açıq qalan quyuya insan da, heyvan da düşə bilər. Heyvan su quyusuna düşüb ölərsə, cəsədi suyu çirkəndirə bilər. Bu zaman içməli su yararsız vəziyyətə düşə, sanitariya gigiyena normaları pozula, zəhərlənmə halları baş verə bilər”. 

Ekspert bildirib ki, kiçik uşaqlar üçün açıq quyular daha təhlükəlidir:
“Çünki azyaşlılar maraq göstərib açıq quyuya tərəf əyilə və yıxıla bilərlər. Kimsə quyunun açıq olmasından istifadə edərək qəsdən cinayət törədib kimisə quyuya ata, itələyə bilər. Açıq quyular olan yerdə təhlükələr də çoxdur, hər an bədbəxt hadisə baş verə bilər. Quyular daim bağlı olmalı və nəzarətdə saxlanılmalıdır. 
Təhlükəsizlik məsələləri həmişə insanlar üçün ön planda olmalıdır. Heç kim özünün və digərlərinin həyat və sağlamlığına biganə yanaşmamalıdır. Yaxşı olar ki, açıq quyular olan ərazilərin sakinləri bunu öncədən düşünsünlər. İnsanlar diqqətli olmalıdırlar. Açıq quyu gördükdə aidiyyəti qurumlara, ərazi üzrə bələdiyyəyə müraciət etməli, təhlükəsizlik tədbirlərinin görülməsini tələb etməlidirlər. Valideynlər də uşaqlarına başa salmalıdırlar ki, quyunun ətrafından uzaq olsunlar”.

Törə Zeynallı
Demokrat.az
Chosen
31
demokrat.az

1Sources