EN

Gürcüstanda MSK nəticələri açıqladı, iclasda qalmaqal yarandı

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili parlament seçkilərinin yekun protokolunu imzalayıb. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, nəticə sənədini yekun iclasda MSK katibi Giorgi Cavaxişvili oxuyub. 

Yekun nəticələrə əsasən, hakim "Gürcü arzusu" partiyası 53,93% səslə qalib gələrək parlamentdə 150 yerdən 89-nu əldə edib.  

5% baryerini aşan digər partiyalar:  

- "Dəyişikliklər koalisiyası" — 11,03%, 19 mandat,  

- "Birlik — Milli Hərəkat" — 10,17%, 16 mandat,  

- "Güclü Gürcüstan" — 8,81%, 14 mandat,  

- "Gaxariya Gürcüstan naminə" — 7,78%, 12 mandat.  

Ümumilikdə, səsvermə hüququ olan 3,5 milyondan çox vətəndaşdan 2,1 milyondan çoxu seçkilərdə iştirak edib. Təxminən 34,9 min bülleten etibarsız elan olunub.  

MSK seçki nəticələrini Gürcüstanda etiraz aksiyaları və gücləndirilmiş polis mühafizəsi fonunda açıqlayıb.  

İclas qalmaqalla başlayıb. Komissiyanın müxalifət üzvü, "Milli Hərəkat"ın nümayəndəsi David Kirtadze MSK sədrinin üzərinə qara boya atıb. İclas bir neçə dəqiqəlik dayandırılıb. Kalandarişvili iclasda gözü sarğı ilə iştirak edib. O, Kirtadze barədə "məşhur təxribatçı" və "şər" ifadələrini işlədib.  

Yeni çağırış parlamenti nəticələr təsdiqləndikdən sonra 10 gün ərzində fəaliyyətə başlamalıdır. Lakin müxalifət nəticələri tanımır, parlamentə daxil olmamağı və mandatlardan imtina etməyi planlaşdırır. Onlar ilk iclasın keçirilməsinə mane olmağı qarşılarına məqsəd qoyublar.  

Müxalifət kütləvi saxtakarlıqlardan şikayətlənir və yeni seçkilərin keçirilməsini tələb edir. Əsas arqumentlərdən biri səsvermənin məxfiliyinin pozulmasıdır, çünki bülletenlər şəffaf idi. Yerli qeyri-hökumət təşkilatları və müxalifət bu səbəbdən seçkilərin nəticələrinin 90% seçki məntəqələrində ləğvini tələb edirdi. Lakin nə MSK, nə də məhkəmələr bu tələbləri təmin etməyib. 

Chosen
26
2
hurriyyet.az

3Sources