EN

COP29-un Təşkilat Komitəsi fantastik hazırlıq işi görüb - Mixail Qusman

TASS informasiya agentliyinin Baş direktorunun müavini Mixail Qusmandır.

Mixail Qusman COP29 çərçivəsində Trend-ə müsahibəsində bildirib ki, COP29-un Təşkilat Komitəsi konfransın hazırlığı istiqamətində fantastik işlər görüb.

"Azərbaycanın yekdilliklə COP29-un keçirilmə yeri kimi seçildiyini eşidəndə, bir tərəfdən, çox sevindim, digər tərəfdən isə başa düşdüm ki, mənim dostlarım və həmkarlarım, Azərbaycanın müxtəlif nazirlik və qurumları belə nəhəng tədbirin hazırlığı üçün böyük işlər görməlidirlər.

Azərbaycan çoxsaylı iri tədbirlər təşkil edib, amma bu qədər böyükmiqyaslı tədbirə ilk dəfə ev sahibliyi edir. Mən Təşkilat Komitəsinin bütün rəhbərləri və üzvləri qarşısında papağımı çıxarıram. Hazırlıqlar, həqiqətən, fantastik idi", - deyə o vurğulayıb.

M.Qusman qeyd edib ki, tədbirin keçiriləcəyi məkan kimi Bakı Olimpiya Stadionunun seçilməsi müdrik qərar olub.

"Stadion tamamilə yeni formatda təşkil olunub və bütün tədbirlərin keçirilməsi üçün ideal məkana çevrilib. Hər şey çox kompakt və rahatdır. Bundan əlavə, şəhər artıq yüklənmə yaşamır. Şərtlər mükəmməldir. Mən çoxlu həmkarlarımla, jurnalistlərlə, məmurlarla və hətta rəhbərlərlə danışdım. Hamı tamamilə heyran qalıb. Bu, onu göstərir ki, hər şey incəliklə düşünülüb. Mən bilirəm ki, bütün bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin gündəlik nəzarəti altında həyata keçirilib", - deyə M.Qusman əlavə edib.

O vurğulayıb ki, COP29-un müzakirə mövzusu bütün bəşəriyyət üçün çox vacibdir.

"Mən şəxsən COP29-un təşkilatı ilə gecə-gündüz məşğul olan insanları tanıyıram. Onlar öz biliklərini və ruhlarını bu işə həsr etdilər ki, konfrans uğurlu keçsin. Nəticələr artıq özünü göstərir. Burada müzakirə olunan mövzu bəşəriyyət üçün çox əhəmiyyətlidir və iqlim dəyişikliyi ilə mübarizədə dünyanın səylərini birləşdirmək üçün mühüm rol oynayacaq", - deyə o bildirib.

Mixail Qusman qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin azalması mövzusu hamını narahat etməlidir.

"Mənim üçün şəxsən çox ağrılı bir mövzu Xəzər dənizinin səviyyəsinin azalmasıdır, çünki mən Bakıda, Xəzərin sahilində böyümüşəm. Bu, mənim üçün ürək ağrısıdır.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət çəkib. Burada müzakirə olunan problemləri nə bir ay, nə də bir ildə həll etmək mümkün deyil, amma əsas odur ki, qlobal həmrəylik və "yaşıl dünya" üçün birgə səylər göstəriləcək. Bu istiqamətdə artıq indidən demək olar ki, konfrans böyük uğurla keçdi", - deyə o qeyd edib.

O əlavə edib ki, Rusiya və Azərbaycan bütün sahələrdə əməkdaşlıq edə bilər.

"Mən elə bir mövzu bilmirəm ki, Rusiya və Azərbaycanın mövqeləri fərqlənsin və ya birgə səylərin göstərilməsi mümkün olmasın. Bütün qlobal problemlər, iqlim və ekologiya mövzuları Azərbaycan və Rusiyanı eyni dərəcədə narahat edir", - deyə Mixail Qusman fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
26
3
olaylar.az

4Sources