Tbilisidə qarşıdurma: yaralılar və saxlanılanlar var - Foto
Gürcüstan polisi paytaxt Tbilisidə keçirilən parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyasının üç iştirakçısını saxlayıb.
Reyting.az xəbər verir ki, həbs xəbəri Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib.
Saxlanılanlar arasında müxalif “Formula” telekanalının təsisçilərindən biri, rejissor Georgi Liponavanın da olduğu bildirilir.
Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini elan etdikdən sonra bir neçə yüz nəfər paytaxtda yolu bağlayıb.
Daha sonra etirazçılar yürüşə başlayıblar. Polis onlardan yolun bir hissəsini təmizləməyi tələb edib. Nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında dəfələrlə toqquşmalar olub. Bir neçə nəfərin yaralandığı bildirilir. Onlara tibbi yardım göstərilib.
Nümayişçilər Daxili İşlər Nazirliyinin sərt hərəkətlərindən şikayətləniblər.
Bu gün səhər saatlarında MSK-nın ofisinin yaxınlığında jurnalistlər Gürcüstan xüsusi təyinatlılarının rəisi Zviad Xarazişvilini görüblər. O, dinc etirazları zorakılıqla yatırdığına görə ABŞ sanksiyaları altındadır.
Gürcüstan müxalifəti növbəti etiraz aksiyasını - sabah saat 19:00-da parlamentin qarşısında elan edib.
V. QULİYEV