EN

COP29-un baş danışıqçısı: "İqlim üçün Futbol Klubları Alyansının yaradılması qlobal futbol icması üçün güclü nümunədir"

İqlim üçün Futbol Klubları Alyansının yaradılması qlobal futbol icması üçün güclü nümunədir.

"Report" xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar ilə təşkil olunmuş görüşdə deyib.

Y. Rəfiyev, iqlim dəyişikliyi ilə mübarizədə futbolun rolu və “İqlim üçün Futbol Klubları Alyansı” təşəbbüsünün başlanğıcını yüksək qiymətləndirib.

O qeyd edib ki, Futbol Klubları Alyansının yaradılması qlobal futbol icması üçün nümunəvi bir addımdır və bu təşəbbüsə dəstək verdiyi üçün Avropa Klubları Assosiasiyasına təşəkkürünü bildirib:

"İqlim dəyişikliyi artıq buradadır və realdır, milyardlarla insan üçün təhlükə yaradır. İstiləşmənin 1,5°C həddində məhdudlaşdırılması üzrə qlobal hədəfə çatmaq üçün bütün tərəfləri bu prosesə cəlb etməli və inklüziv nəticələr əldə etməliyik. Ambisiyanı artırmaq və tədbirləri həyata keçirmək COP29-un əsas prinsipləridir. Bu təşəbbüsü dəstəkləməklə COP29 prezidentliyi Bakı Bəyannaməsinin imzalanması ilə nəticələnəcək ambisiyalarını nümayiş etdirir. Bu gün burada yalnız dünyaca məşhur futbol klublarının nümayəndəsi kimi deyil, həm də planetimizin himayədarları kimi toplaşmısınız. Ortaq məqsədimiz futbolun lokal, regional və qlobal səviyyədə misilsiz populyarlığından istifadə edərək iqlim tədbirlərinə dair maarifləndirmə yaratmaq və hərəkətə keçməkdir.

Bu, həmrəylik nümayiş etdirmək, dəstəyi səfərbər etmək və uzunmüddətli təsir yaratmaq üçün unikal bir fürsətdir. Bu təşəbbüsü başlatdığımız zaman missiyamızın əhəmiyyətini unutmayaq. İqlim dəyişikliyi sərhəd tanımayan və dünyanın hər yerinə təsir edən bir çağırışdır. Bu problemin çoxsaylı səbəbləri var və biz hamımız buna töhfə vermişik. Bunun izi stadionların tikintisi, əməliyyatları və komanda və azarkeşlərin səfərlərində də özünü göstərir. İqlim dəyişikliyinə verdiyimiz təsiri qəbul etmək bizi həllin bir hissəsinə çevirir".

Y. Rəfiyev hesab edir ki, ortaq öhdəlik bu böhranı təxirə salmadan və qətiyyətlə həll etməkdir: "Bu gün klubların imzalayacağı bəyannamə, sadəcə, bir sənəd deyil. Bu, gələcək nəsillərə verilmiş bir vəddir. Davamlı təcrübələrə sadiq qalmaqla biz daha sağlam bir planet üçün addım atırıq. Futbolun güclü platformasından istifadə edərək milyonlarla azarkeşi bu vacib məsələyə cəlb edirik.

Gəlin futbolun təsirini bir daha xatırlayaq. Sizin təsiriniz meydandan çox-çox uzaqlara uzanır və hərəkətləriniz qlobal miqyasda dəyişikliyə ilham verə bilər. İqlim tədbirlərini təşviq etməklə yalnız sevilən idman növünün gələcəyini deyil, həm də planetimizin gələcəyini qoruyursunuz. Azarkeşləri iqlim tədbirlərinin vacibliyi barədə məlumatlandırmaq və maarifləndirmək üçün platformanızdan istifadə edəcəksiniz".

COP29-un baş danışıqçısı əlavə edib ki, yalnız birlikdə fərq yaratmaq mümkündür: "Birlikdə davamlılıq və ətraf mühitin qorunması üzrə irs yarada bilərik. Dəstəyiniz, vizyonunuz və yorulmaz səyiniz üçün təşəkkür edirəm. Gəlin bu gündən etibarən məqsədyönlü və birlik içində irəliləyək və bilək ki, bu gün atdığımız addımlar daha yaxşı bir sabahı formalaşdıracaq".

Chosen
30
2
far.az

3Sources