EN

IRENA: Bərpa olunan enerji istehsalı hədəf trayektoriyasından xeyli uzaqdır

2024-cü ildə dünyada rekord həcmdə - 473 giqavat bərpa olunan enerji istehsal edilsə də, bu rəqəm hədəf trayektoriyasından xeyli uzaqdır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Camera COP29 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər standart həcmi 3 dəfə artıraraq 11,2 teravata çatdırmaq üçün növbəti 6 il ərzində hər il təxminən 1 050 giqavat bərpa olunan gücü şəbəkəyə daxil edilməlidir. Bunun üçün isə dünya miqyasında bərpa olunan enerji mənbələrinin paylanması, şəbəkələr, çeviklik, enerji səmərəliliyi və qənaətə 31,5 trilyon ABŞ dolları sərmayə qoyulmalıdır.

Qonaq qeyd edib ki, bərpa olunan enerjinin dəyəri artıq bəhanə kimi istifadə edilə bilməz: "Bərpa olunan enerjinin dəyəri aşağı düşür və yaratdığı iş yerlərinin sayı artır. Ötənilki istehsalın 80%-dən çoxu qalıq yanacaq hesabına enerji istehsalından ucuz başa gəlib. Konkret olaraq, 2023-cü ildə günəş elektrik enerjisinin orta qiyməti 12 %, dənizdə külək və su elektrik enerjisinin orta qiyməti 7 %, konsentrasiya edilmiş günəş enerjisinin orta qiyməti 4 %, quruda külək enerjisinin orta qiyməti isə 3 % azalıb".

Bundan başqa, İRENA rəsmisi deyib ki, "2024-cü il Bərpa Olunan Enerji və İş Hesabatı"nın son məlumatına görə, qlobal bərpa olunan enerji üzrə iş yerlərinin sayı 2022-ci ildə 3,7 milyon olduğu halda, 2023-cü ildə 16,2 milyona çatıb: "Bu tendensiyalar Mərkəzi Asiyada da özünü göstərir. Mərkəzi Asiyanın energetika, nəqliyyat, sənaye və digər son istifadə sektorlarında qalıq yanacaqlardan ənənəvi asılılığa baxmayaraq, qəti şəkildə inanırıq ki, regionda bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük imkanlar var. Biz güclü infrastruktur yaratmalı, əlverişli siyasət çərçivəsini, texniki imkan və bacarıqları inkişaf etdirməliyik".

Chosen
43
1
far.az

2Sources