EN

COP29-dan dünyaya mesajlar ŞƏRH

Beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilən güclü və qüdrətli Azərbaycan müasir dünyamızı narahat edən məsələlərin müzakirə olunmasında unikal məkandır. Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisi olaraq mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa əsaslanan forumların və s. təşkili ölkəmizə həvalə olunur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycanın ev sahibliyi etməsi Azərbaycanda hökm sürən sabitliyin, təhlükəsizliyin göstəricisidir. COP29-un təşkilinə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan bu tədbirin yüksək səviyyədə keçirilməsinə nail oldu. Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru kimi, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi ölkəmizin nüfuzunun daha bir göstəricisidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının nümunəsidir.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı bildirdiyi kimi, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu: "Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir".

Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkə olan Azərbaycan beynəlxalq aləmdə siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yarada bilmişdir. "Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib", - deyən Prezident çıxışında dünya üçün aktuallığı heç vaxt olmadığı qədər artan iqlim çağırışlarına Azərbaycanın həssas yanaşmasını, ölkəmizin qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirlməsi təşəbbüslərindən çıxış etdiyini də iştirakçıların diqqətinə çəkib.

Azərbaycan 2030-cu ilə qədər altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır və 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Azərbaycanın ixrac bazarlarına diqqət yetirdiyini və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşları ilə fəal çalışdığını Cənab Prezident bildirib.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Azərbaycan yaşıl enerjiyə keçidə yönəlmiş innovativ yanaşmaların tətbiqi üzrə regionda liderdir, iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə ciddi töhfə verir. Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir.

COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasından baxılır. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı prioritet sahə kimi qəbul etdiyini bütün dünyaya göstərə bilir. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir.

Prezident İlham Əliyev çıxışında Ermənistanın 30 illik işğalçılıq siyasətinə də nəzər salaraq, bu illər ərizində ölkəmizə dəyən ziyanı da qeyd edərək, BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrin tələblərini öz gücümüzlə icra etdiyimizi bildirib.

Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqləmiş oldu. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atdı. Bu münaqişənin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirildi. "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik" – deyə Prezident bildirib.

Azərbaycan tarixi ədaləti bərpa edərək Zəfər qazandı. Dünyanın iqlimlə bağlı ciddi təhlükələrlə üzləşdiyi şəraitdə Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəldib. Bütün vasitələrdən istifadə edərək COP29-a qarşı boykot kampaniyası həyata keçirməyə cəhd etsələr də Azərbaycan uğurla bu tədbirə ev sahibliyi edir. "Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər", - deyən Prezident bildirib ki, bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var.

COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyir.

Güləddin DADAŞOV,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Chosen
109
50
sesqazeti.az

10Sources