EN

"Bu oyunda 3 xal qazanmalıydıq" - Bəhlul Mustafazadə

style='margin-bottom:10px;'>

“Köhnə zədəm yeniləndi. Tam sağalmayıb”.

QOL.az saytına açıqlamasında bu sözləri milli komandamızın müdafiəçisi Bəhlul Mustafazadə deyib. 

UEFA Millətlər Liqasının 5-ci turunda Estoniya ilə matçın əvvəlində zədələnərək meydanı tez tərk edən futbolçu nəticəyə (0:0) görə məyus olduğunu bildirib: “Təəssüflər olsun ki, qələbə qazana bilmədik. Bu oyunda nə olursa olsun 3 xal qazanmalıydıq. Bacarmadıq, ona görə də komanda şəklində məyusuq. Deyə biləcəyim çox şey yoxdur”. 

Mustafazadə bu vəziyyəti düzəltməli olduqlarını vurğulayıb: “Sadəcə düşdüyümüz vəziyyəti düzəltmək, qələbələr qazanmaq lazımdır. Təəssüf ki, bu vəziyyətdəyik. Qələbə qazanmayandan sonra potensialın heç bir əhəmiyyəti yoxdur. Önəmli olan vəziyyəti düzəltməkdir”.

Millimizin müdafiəçisi uğursuzluğa görə konkret səbəb göstərməkdə çətinlik çəkib: “Bilmirəm nə deyim. Çox çalışmaq lazımdır. Özümüzü inkişaf etdirməliyik. Avropaya uyğunlaşmaq lazımdır”. 

B.Mustafazadə bildirib ki, o da karyerasını Avropada davam etdirmək istər: “Kimdən soruşsanız, deyəcək ki, hədəf Avropaya getməkdir. Lakin deməklə də olmur. Uyğun komanda olmalıdır ki, gedib bir müddət sonra geri qayıtmayasan”.

Chosen
29
teleqraf.com

1Sources