EN

“Futbolçularıma deyəcək sözüm yoxdur” - Fernandu Santuş

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Estoniya yığmasını qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən və 0:0 hesabı ilə başa çatan oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. 

Portuqaliyalı çalışdırıcı 20-ci dəqiqədən sonra rəqibə heç bir şans vermədiklərini bildirib:

“Bu gün rəqibin qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə demək olar ki, bərabər səviyyəli oyun keçdi. Hər iki tərəfin müəyyən epizodları oldu. 20-ci dəqiqədən sonra isə rəqibə heç bir şans vermədik. Oyunçularım qələbə qazanmaq üçün əllərindən gələni etdi, sona qədər vuruşdular. Burada rəqibin də haqqını yemək olmaz, çox yaxşı müdafiə olundular. Bu oyunla bağlı futbolçularıma deyəcək sözüm yoxdur.

Biz də istəmirik D qrupuna düşək. Amma belə oldu. Son matçlarda komandanın nümayiş etdirdiyi oyun bizim nikbin yanaşmağımıza ümid verir. Bugünkü durumumuzdan biz də məmnun deyilik.

Yenə də təkrarlayıram ki, son üç oyuna baxsaq, rəqiblərimizdən daha üstün oynayırıq. Əvvəlki matçlarda müdafiədə səhvlər edirdik, qollar buraxırdıq. Bugünkü oyunda isə səhvsiz oynadıq, sadəcə qol çatışmadı. Yenə deyirəm, oyunçularım qələbə qazanmaq üçün çox çalışdılar.

Bu oyunda Mahir Emrəli bizimlə yox idi, həmçinin Renat Dadaşov da olmadı. Bu iki oyunçu komandamız üçün çox önəmlidir. Çox təəssüflər olsun ki, Azərbaycan çempionatında orta xətdə oynayan oyunçuların çoxu əcnəbilərdir. Buna baxmayaraq, əlimizdə olan “material”la nələrsə edəcəyik.

Bura gəlməkdə məqsədim 2028-ci il Avropa çempionatında çıxış edəcək komanda yaratmaqdır. İnanıram ki, buna nail olacağıq. Mən bu layihəni müzakirə edib bura gəlmişəm.

Mən yenə deyirəm, ümid vermirəm. Gəlmişəm layihəni icra edim. Bunun da iş qaydası var. Qarşıdan gələn 4-5 ilə məqsədimiz yaxşı mübarizə aparan Azərbaycan millisi yaratmaq və eyni zamanda futbolçu yetişdirməkdir. Bütün dünyada fikir versəz, hamı bu yolu gedir. Hər yerdə belədir. İstər Portuqaliya, İspaniya, Gürcüstan. Hamı bu yolla gedir. Biz bu yoldan çıxmış olsaq, səhv etmiş olarıq. Digər yolu odur ki, əcnəbiləri milləşdirib yaxşı nəticələr qazanmaqdır. Əcnəbilərin milliləşdirilməsi yolu nəticə verməyibsə, deməli, bu yolla davam etməliyik. İnanın ki, Portuqaliya millisi bu yolla Avropa çempionu olub. Başqa bir misal, Gürcüstan millisi 10 il bundan qabaq bu nəzəriyyə ilə başlamışdı. Gürcüstanda olan futbolçu potensialı burada da var. Azərbaycanlı futbolçular da fərdi şəkildə çox yaxşıdılar. İndi bunu komanda şəklində tətbiq etməliyik”.

Chosen
30
3
qafqazinfo.az

10Sources