EN

Azərbaycan türk dünyasının birliyi amallarına sadiqdir

COP29 çərçivəsində dövlət başçısı İlham Əliyevin türk dövlətlərinin liderləri ilə ikitərəfli görüşü, imzalanan sənədlər türk dünyasının birliyinə, həmrəyliyinə böyük töhfə kimi dəyərləndirilir

Dünyanın diqqətini Azərbaycana yönəldən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası mühüm məqamları ilə hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilməkdədir. Belə mötəbər tədbirə ev sahibliyi edən Azərbaycan yüksək səviyyədə təşkilatçılığı həyata keçirməklə bir daha bu tədbirlər üçün ideal məkan olmasını təsdiqləyir. COP29, eyni zamanda, qarşılıqlı etimadın ölkələrarasında münasibətlərin inkişafında əsas faktor olduğunu açıqladı. Hazırkı dövrün əsas çağırışlarından olan türk dünyasının birliyi, həmrəyliyi COP29 çərçivəsində keçirilən görüşlərdə, imzalanan sənədlərdə özünün aydın ifadəsini tapdı.

Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və düşünülmüş siyasət, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkəmizin bütün dünyada nüfuzunu artırır, etibarlı və arzuolunan tərəfdaş, aparıcı regional və beynəlxalq actor kimi mövqeyini möhkəmləndirir. Yeni reallıqlar fonunda Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı günbəgün artır. Azərbaycan hər zaman türk dünyasının birliyinə xüsusi önəm verir və türkdilli ölkələr ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzunu artırmaq üçün səylərini artırır. Dövlətimizin başçısı bildirir ki, bizim ailəmiz türk dünyasıdır. Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir.

Tarixin bütün dönəmlərində türklər özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçiliblər, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinə sahib olublar. Türk sivilizasiyası dedikdə bəşəriyyətin inkişafına saysız-hesabsız töhfələr vermiş, qədim mədəniyyətə, incəsənətə, hərtərəfli elmə və biliyə, həmçinin sağlam gücə malik olan sivilizasiya nəzərdə tutulur. Bəşər sivilizasiyası tarixində özünəməxsus yeri olan türk sivilizasiyası əsrlər boyu şərəfli yol qət edərək hazırkı inkişaf səviyyəsinə çatıb. Dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin davam etdiyi bir dövrdə türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə göstərir. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Beynəlxalq ictimaiyyət bir daha türk dünyasının birliyinin şahidi oldu. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür. Xalqımız da böyük türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıq münasibətlərinə malikdir. Türk dövlətlərini birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər Prezident İlham Əliyevin türk birliyi istiqamətindəki fikirlərini bölüşür, eyni zamanda, təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.

Azərbaycanın türk dünyasının birliyinə davamlı töhfələri göz qabağındadır. Dünya daim Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında bu birliyin şahidinə çevrilir. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan Azərbaycana siyasi və mənəvi dəstəyini göstərən və sonadək Azərbaycanın yanında olan qardaş Türkiyə torpaqlarımızın işğaldan azad edilməsinin sevincini bizimlə birgə yaşadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə yanındadır” çağırışı dünyaya mesaj oldu. Bu birlik 2021-ci ilin 15 iyun tarixində yeni mərhələyə daxil oldu. Qarabağın tacı Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik Bəyannaməsi Azərbaycan və Türkiyənin dostluğunu, qardaşlığını və müttəfiqliyini rəsmiləşdirdi. Tarixi Zəfərimizdən ötən dörd ildə Azərbaycan və Türkiyənin yalnız ikitərəfli deyil, Türk Dövlətləri Təşkilatının daha da möhkəmləndirilməsi istiqamətdə ardığı addımlar dünyanın diqqətindən kənarda qalmır. Bu, qardaş ölkələrin gücünün, qüdrətinin, beynəlxalq əməkdaşlığa böyük önəm verməsinin, ən əsası daim ədalətin və beynəlxalq hüququn yanında olaraq bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərməsinin nəticəsidir. Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Hər iki ölkənin birgə siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji və nəqliyyat layihələri ölkələri, xalqları birləşdirir. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirməyə başladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2018-ci ilin iyun ayında coxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin əsas tərkib hissələrindən olan TANAP istifadəyə verilən zaman bu mühüm hadisəni növbəti layihələrin müjdəçisi kimi dəyərləndirdi. Bunun üçün tarixi Zəfərimizdən sonra qarşılıqlı səfərlərin dinamikliyi fonunda hər iki ölkənin münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Azərbaycan və Türkiyənin bir-birlərinə qardaş dəstəyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlət o zaman güclü, qüdrətli olur ki, onun sabahını, gələcəyini düşünən, xalqını daim irəli aparan lideri vardır. Dövlət başçısı İlham Əliyevin «Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır» fikirləri özündə mühüm məqamları açıqlayır. Daim çıxışlarında Azərbaycanın tarixi Zəfərindən böyük sevinclə, qürurla bəhs edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir ki, təxminən 30 il sürən işğal, qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət qanunlara uyğun heç bir təsirli addım atmadı. Azərbaycanlı qardaşlarımız həm işğalın, həm də itkilərin acısı ilə yaşamaq məcburiyyətində qalmışdı. Bu ədalətsizliyə son qoymaq Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu. Qırx dörd gündə dastan yaradan mübarizə ilə şükürlər olsun ki, Qarabağ yenidən azadlığına qovuşdu, 30 illik işğal sona çatdı.

Bu mühüm məqamlara nəzər salmağımız səbəbsiz deyil. Bu gün Azərbaycanın dünyanın mötəbər tədbirinə-COP29-a ev sahibliyində tarixi Zəfərimizdən, suverenliyimizin bərpasından sonra beynəlxalq münasibətlər sistemində artan rolu xüsusi yer tutur. COP29 çərçivəsində liderlərin iştirakı ilə keçirilən sammitlərə, ikitərəfli görüşlərə, imzalanan sənədlərə diqqət yetirdikdə Azərbaycanın birləşdirici aktor kimi möhkəmlənən mövqeyi özünü aydın şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyev COP29 çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdü. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına COP29-un uğurla keçirilməsi ilə bağlı təbriklərini çatdırdı və Azərbaycanın qısa müddət ərzində belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, COP29 tədbirinin keçirildiyi məkan 8 aylıq bir dövr ərzində hazırlandı və burada yüksək ətraf mühit standartlarına, davamlılıq prinsiplərinə riayət olunub. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı. COP29 çərçivəsində, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü oldu. Sonra isə Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzaladılar. Prezident İlham Əliyev bildirdi ki, üç qardaş ölkə bu gün öz əməkdaşlığını yeni səviyyəyə qaldırır. Ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik. Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən yaşıl enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir. Dövlətimizin başçısı onu da qeyd etdi ki, xüsusilə sevindiricidir ki, Saziş hər zaman bir-birinə yaxın olan üç qardaş ölkə arasında imzalanır. Özbəkistanla münasibətlərimiz bu il müttəfiqlik münasibətləri səviyyəsinə çatıb. Müvafiq saziş imzalanıb. Qazaxıstanla artıq uzun müddətdir ki, strateji tərəfdaş kimi əməkdaşlıq edirik. Qarabağın bərpasında bizə ilk yardım edən ölkələr Özbəkistan və Qazaxıstandır. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzi bu gün qardaşlığımızın bariz sübutudur: “Əminəm ki, biz gələcəkdə də həmişə bir yerdə olacağıq və bir-birimizi dəstəkləyəcəyik. Əziz dostlarım, qardaşlarım Şavkat Miromonoviçə, Kasım-Jomart Kemeleviçə COP29-da iştirak etdiklərinə və öz iştirakları və dəyərli fikirləri, mesajları ilə tədbirimizi zənginləşdirdiklərinə görə minnətdaram.” Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vurğuladı ki, davamlı inkişaf üçün ümumi səylərimizin tarixində yeni səhifə açılır. Strateji tərəfdaşlıq Sazişinin imzalanması Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı üzrə üçtərəfli əməkdaşlıqda mühüm mərhələdir. Sənəd dövlətlərimizin enerji sistemlərinin inteqrasiyası, habelə ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı dəhlizlərin yaradılmasında yeni imkanlar açır. Qazaxıstan böyük tranzit ərazi kimi burada son dərəcə mühüm rol oynayır. Bu Sazişin praktiki nəticələri Orta Dəhlizin iqtisadiyyatlarımızı birləşdirən yaşıl körpü qismində inkişafına töhfə verəcək. Bu əsas sahədə sıx əməkdaşlıq üç dövlət arasında təcrübə və qabaqcıl texnologiyalar mübadiləsini gücləndirəcək və enerji təhlükəsizliyimizin gələcəkdə də möhkəmləndirilməsinə kömək edəcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bildirdi ki, COP29 Azərbaycanın nüfuzunun tanınmasıdır. Regionumuzda ilk dəfədir ki, belə möhtəşəm tədbir keçirilir və bu, Azərbaycanın qlobal miqyasda ən yüksək nüfuzunun bariz göstəricisidir. Bu gün Avropaya birlikdə yeni yaşıl enerji dəhlizi yaradırıq. Bu da tarixi hadisədir.

Bir daha qeyd edildi ki, bərpaolunan enerji təkcə iqtisadi məqsəd deyil. Bu, gələcəyə verilən töhfədir, gələcək nəsillər qarşısında məsuliyyət hissimizin nəticəsidir. Nəql ediləcək enerji külək və Günəş enerjisidir. Ölkələrimiz əhəmiyyətli dərəcədə bərpaolunan enerji resurslarına malikdir və qlobal enerji keçidinə mühüm töhfə verə bilər.

Noyabrın 13-də, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması mərasimi oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşü də mühüm məsələlərin müzakirəsi ilə yadda qaldı. Belə ki, ikitərəfli münasibətlərimizin inkişafında tarixi bir dövrün olduğunu vurğulayan Özbəkistan Prezidenti ölkələrimiz arasında bu il imzalanan müttəfiqlik münasibətləri haqqında Müqaviləni qeyd etdi. İmzalanan sənədlərin önəminə diqqət yönəldən Prezident İlham Əliyev vurğuladı ki, yaşıl enerjinin inkişafı və ötürülməsi layihələrinin həyata keçirilməsi əlaqələrimizin mahiyyətini göstərir. Dövlətimizin başçısı Xankəndi şəhərində tikiş fabrikinin inşası ilə bağlı layihəyə görə minnətdarlığını bildirdi və burada xeyli sayda insanın işlə təmin olunacağının önəmini vurğuladı.

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi oldu. Bu fabrik birliyimizin daha bir rəmzi kimi dəyərləndirildi. Qeyd edək ki, bu tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzi olaraq ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ənənəvi dostluq, iqtisadi tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirir.

Göründüyü kimi, münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Əlaqələrin yeni istiqamətlər üzrə inkişafı üçün imkanlar yaranır. Yaşıl enerjiyə keçid əsas hədəflərdəndir. Prezident İlham Əliyev daim türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir. Türkdilli ölkələrin COP29-da fəal iştirakı, Azərbaycanın bu mötəbər tədbiri yüksək səviyyədə keçirməsini böyük sevinc hissi ilə qarşılamaları bu dostluğun, qardaşlığın qarşılıqlı etimada, möhkəm təmələ əsaslandığını bir daha təsdiqləyir. Türk dünyası böyük ailədir. Ailənin hər bir üzvü bu birliyin qorunmasını, möhkəmləndirilməsini qarşısına mühüm vəzifə kimi qoyur. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi daha sıx birləşdirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Yeganə Əliyeva, “İki sahil”

Chosen
78
ikisahil.az

1Sources