EN

Avantüra… İfa edir Frank Şvabe

Avropanın ən ağıllı millətlərindən sayılan almanların bu müsbət imicinə xələl gətirəni, adbatıranı varmış. Söhbət Bundestaqının üzvü, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ölkəsinin nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışan Frank Şvabedən gedir. AŞPA-nın bu parlamentarisinin anti-Azərbaycan isterikasına birinci dəfə deyil şahidlik edirik. Artıq bizdə onun Azərbaycan və Türkiyə əleyhinə erməni lobbisinin “muzdlu əsiri” kimi fəaliyyət göstərdiyinə şübhə yeri qalmayıb.

Almaniyalı deputat bütün dünyanın diqqətinin Bakıda davam edən COP29-a yönəldiyi bir vaxtda yenə “yuyulmamış çömçə” kimi ortalığa atılıb. Cənab Şvabenin “X” sosial şəbəkəsində etdiyi paylaşıma diqqət yetirin: “Əgər rəsmi Bakı bu məsələyə aydın cavab verməzsə və erməni siyasi məhbusların əksəriyyətini azad etməzsə, yanvar ayında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasını təsəvvür edə bilmirəm.”

Tanış moizədir, elə deyilmi? Yəqin Frank Şvabe bu sərsəm paylaşımı ilə Azərbaycanın daxili işlərinə qarışdığının fərqindədir. Ölkəmizi “siyasi məhbus” məsələsi ilə ittiham etməyə çalışan deputat bu zaman nə konkret faktlara əsaslanır, nə də beynəlxalq hüquqla üst-üstə düşən məntiqi arqument ortaya qoyur.

Birincisi, onun bu mücərrəd və populist yanaşmasının təmsil etdiyi Almaniyada necə qarşılanacağı barədə düşünməsini tövsiyə edərdik. İkincisi, Şvabenin haypərəst mövqedən Azərbaycanı hədəf alan əsassız ultimatumlar səsləndirməkdənsə, öz ölkəsində sosial-demokratların dağılan ittifaqına diqqət ayırsa, daha yaxşı olar. Yoxsa onu Almaniyada cövlan edən iqtisadi böhran, sağ-radikal qüvvələrin siyasi olimpə yüksəlişi, daxili sabitliyin pozulması və sosial-demokratların nüfuzdan düşməsi kimi ciddi problemlər düşündürmür?

Oxuculara xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və bu qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bununla bağlı bəyanat verib. Belə bir qərarın verilməsinin səbəbi Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışları olub. Yeni seçilmiş Milli Məclisdə hələlik AŞPA üzrə nümayəndə heyəti formalaşdırılmayıb.

Biz Aİ-də, Avropa Parlamentində, AŞPA-da və “qoca qitə”nin digər qurumlarında anti-Azərbaycan ladına köklənmiş avantüraların (üvertura ilə səhv salmamalı -red.) “xorla” ifa edildiyini görürük. Üstəlik, bu “xor”un xüsusi səs çalarına malik solistlərinin “bacarıqlarına” da bələdik. Həmin “qabiliyyətli” solistlərdən biri də Frank Şvabedir. Bu dəfə o, səsinin lap qalın yerinə salıb oxuyur. Görünür, onun ifası erməni lobbisi tərəfindən yüksək qonorarla mükafatlandırılır. O, vaxtilə bir çox dövlətlərin şəninə təriflər yağdırıb və ya hansısa ölkəni məzəmmət, tənqid edib, sonra da qarayaxma kampaniyalarını reallaşdırıb. Yəni, sifarişlə çox işlər görüb. Hazırda Şvabenin “sənət yaradıcılığında” ermənipərəst lobbinin izləri aydın sezilməkdədir.

Amma Şvabenin fərdi rəyi heç də o demək deyil ki, AŞPA-dakı digər ölkələrin (onların arasında Azərbaycana dost ölkələr də var – red.) təmsilçiləri onunla həmrəydirlər, yaxud dediklərini qeyd-şərtsiz qəbul edirlər. Sadəcə, Şvabe bununla potensial və yağlı “müştərilərə” mesajlar verir ki, gələcəkdə hansısa ölkəyə qarşı qara piar bazarını ələ keçirə bilsin. Bazarda isə hər cür fırıldaqçıya rast gəlmək mümkündür. Hətta, siyasi avantüristə də…

İ.HƏSƏNQALA
XQ

Chosen
76
xalqqazeti.az

1Sources