EN

Söz olmasa dünyada ...

İnsan rəmzlər sistemi üzrə ustalaşmağa necə başlayır? Bu, onun hansı düşüncə sahəsinə maraq göstərməsindən asılıdır. Ən qədim və təməl qaydaların sözlər vasitəsilə yarandığını bilirik. Böyük Nizami Gəncəvi sözün düçüncəyə qapı açıb, qanad taxdığını necə dahiyanəliklə ifadə edib: “Sözün də qanadı var – quş kimi incə-incə. Söz olmasa, dünyada nəyə lazım düşüncə?”

Sözlər bu gün də mürəkkəblik səviyyəsində axına girmək üçün sonsuz fürsətlər yaradır. Krossvord həll etmək buna ən sadə nümunədir. Qədim yanıltmac yarışlarını xatırladan çox yayılmış asudə vaxt məşğuliyyətinin xeyrinə deyilə biləcək çox sözlər var. Çətinlik səviyyəsi peşəkarların da, həvəskarların da zövqünə uyğunlaşdırıla bilir.

Krossvord yazmaq şüurda insana müvəffəqiyyət duyğusu hiss etdirən zövqverici bir nizam yaradır. Krossvordlar hava limanlarının gözləmə salonlarında insanları sıxıntıdan, darıxmaq hissindən azad edən vasitədir. Lakin insan bütün vaxtını sadəcə, krossvord həll etməyə sərf edərsə, həyatında ciddi problemlərlə üzləşəcəyi şəksizdir. Yaradıcı iş insanın öz krossvordunu yaratmasıdır. Belə olanda kənardan qəbul etdirilən modelə ehtiyac qalmır. Adam hətta bu işdən daha çox zövq alır.

Sözlər vasitəsilə həyatımızı zənginləşdirməyin müxtəlif yolları var. Bunlardan biri də söhbət sənətidir. Çoxlarına bu ifadə qəribə gələ bilər. Bəli, söhbət etməyin özü də bir sənətdir. İntellektual insanların söhbətləri bəşəriyyət üçün son dərəcə faydalıdır. Bu qarşılıqlı məlumat mübadiləsi başqalarının da düşüncələrinə istiqamət verir, onları hansısa faydalı işlərə yönəldir. Məşhur fenomenologiya mütəxəssisləri Peter Berger və Tomas Lukman kainata dair duyğumuzun bütövlüyünü məhz söhbətlərin, fikir mübadilələrinin qoruduğunu yazırlar. İş dünyasında bir idarəçi üçün ən vacib uğur vasitələrindən birinin zəngin söz ehtiyatı və axıcı danışıq tərzi olması sadəcə, mənfəət xatirinə deyil. Yaxşı danışmaq istənilən münasibəti zənginləşdirir, ona məna qatır, bu münasibətin davamlı olmasına səbəb olur. İnsanların çoxu özlərində bu vərdişi formalaşdırmadığı üçün ünsiyyət zamanı müəyyən çətinliklərlə üzləşirlər.

Dil ünsiyyət vasitəsidirsə, dili yaradan sözləri sevmək, mənimsəmək lazım gəlir. O zaman düşüncə də zənginləşir, istənilən mövzuya çevik reaksiya verir. Krossvord düşüncə məşqlərinin ən ibtidai mərhələsidir. Reflektiv təfəkkür birdən-birə yaranmır, beyində müəyyən baza yarandıqdan sonra bu mexanizm işə düşür. Görkəmli psixoloq Mihay Çiksentmihayi “Axın: optimal təcrübə psixologiyası” əsərində yazır ki, dilin ən yaradıcı istifadəsi şeirdir. Şeir şüura yaşananları sıxışdırılmış və dəyişdirilmiş şəkildə yerləşdirmə imkanı verdiyi üçün zehni formaya salmaqda ideal bir vasitədir. İdman da bədəni bu cür formalaşdırır, nizamda saxlayır. Ən azı, başlanğıcda mütləq çox yaxşı şeirlər oxumağınıza ehtiyac yoxdur. Şeirin hamısını oxumağa da məcbur deyilsiniz. Əsas odur ki, sizə təsir edən, düşüncələrinizə qida verən hansısa bir misra, yaxud bənd tapasınız. Bəzən bir sözcük belə yeni bir dünyagörüşünə qapı açmağa, şüuru daxili və mənəvi səyahətə çıxarmağa kifayət edə bilər.

Bu qabiliyyətin əldə edilməsi həyat keyfiyyətini də artırır, insanların həyatdan zövq almaları ilə yanaşı, mənliklərini də əhəmiyyətli dərəcədə gücləndirir, özlərinə hörmət duyğularını artırır.

Günümüzdə ünsiyyət üçün istifadə etdiyimiz vasitələrin bolluğundan yazı vərdişlərinə barmaqarası baxırıq. Telefonlar, sosial şəbəkələr məlumat göndərmək cəhətdən daha təsirli vasitələrdir. Yazmağın yeganə məqsədi məlumat mübadiləsi olsaydı, onun artıq dəbdən düşdüyünü deyə və buna haqq da qazandıra bilərdik. Amma yazmağın məqsədi təkcə məlumat mübadiləsi deyil, məlumat yaratmaq, məlumat verməkdir. Bu, gələcək üçün vacibdir. Gələcəkdə yaşayacaq insanlar bu günün tarixini məhz bu yazılar vasitəsil öyrənəcəklər.

Daxili səbəblərlə yazmaq isə əsla vaxt itkisi deyil. Əvvəla, yazmaq zehinə nizamlı ifadə vasitəsi verir. Yazmaq yaşanan hadisələri izah etməyin və anlamanın bir yolu və həyata nizam-intizam qazandıran ünsiyyət formasıdır. Bəlkə də insanların yazıçılığı seçmələrinin səbəbi şüurlarının fövqəladə səviyyədə xaos və dağınıqlıqla əhatələnmiş olmasıdır. Yazmaq duyğu qarışıqlığı içində müəyyən qədər nizam yaratmaq üçün müalicə effekti yaradır. Mövcud reallıqdan qaçış hissi, öz daxili dünyasını yaratmaq ehtiyacı... Yazıçılığın bir sirri də bu həqiqətlərdə gizlənir.

Beləcə, krossvord vasitəsilə başlayan söz oyunları əksər hallarda insanı yazıçılığa gətirib çıxarır.

Kənan HACI,
yazıçı-publisit

Chosen
35
xalqqazeti.az

1Sources