EN

“Freedom House”un COP29 sancısı

Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ev sahibliyi etməsi erməni lobbisinin alətinə çevrilən “Freedom House” təşkilatının da yuxusunu ərşə çəkib. Əgər belə olmasaydı Azərbaycana qarşı qarayaxma kampaniyasının önündə gedənlərdən biri olan bu qurum COP29-un yüksək səviyyədə keçirildiyi bir vaxtda növbəti dəfə sayıqlamazdı. Belə ki, bu təşkilat  “mötəbər mənbələr” əsasında iddia edib ki, guya  Azərbaycan 2023-cü ilin sentyabr ayında Qarabağda birgünlük antiterror əməliyyatı zamanı “beynəlxalq prinsipləri” pozub, “dinc ermənilərə qarşı etnik təmizləmə” həyata keçirib. Amma görünən odur ki, “Freedom House” bu açıqlamasını erməni "fəallar"ının təqdim etdikləri təhrif olunmuş uydurma və absurd "məlumat"lar əsasında, həm də onların birbaşa iştirakı ilə hazırlayıb. Həmin sayıqlamada qeyd edilir ki, “məcburi köçkün” düşmüş etnik ermənilərin hüquqlarının müdafiəsi zəruridir, Azərbaycan onların  təhlükəsiz və könüllü olaraq Qarabağa qayıtması üçün şərait yaratmağa, güclü təhlükəsizlik təminatları və ayrı-seçkiliyə yol verilməməsinə zəmanət verməlidir. Halbuki, “Freedom House” yaxşı bilir ki, Qarabağdan erməni əsilli şəxslər qovulmayıblar, onlar sadəcə separatçıların vədləri əsasında hərəkət edərək həmin ərazini tərk ediblər. Bu proses zamanı da onların heç burunları belə qanamayıb.  Bu faktı hətta dünyanın mötəbər qurumları da təsdiq ediblər Bu mənada “Freedom House”un “etnik təmizləmə”dən söz açması absurddur, həm də olduqca gülüncdür.

Üstəlik, ABŞ Dövlət Departamentinin siyasi məqsədlərinə xidmət edən “Freedom House” utanıb-qızarmadan rəsmi Bakını cəzalandırılması üçün  çağırış edib. Hətta müvafiq qurumları Azərbaycanın dövlət və hərbi məmurlarına, “insan hüquqlarının kobud şəkildə pozulmasında və hərbi cinayətlərdə iştirak edən şəxslərə qarşı” fərdi sanksiyaların tətbiqinə də səsləyib. Ermənistan saytları da sayıqlamaları  bəh-bəhlə tirajlayırlar.

Şübhəsiz, “Freedom House”un məqsədi başqadır. Əgər bu təşkilat ədalətli araşdırma aparmaq istəsəydi, eyni zamanda, bu “faktlarla” bağlı Azərbaycan tərəfinə, yəni zərərçəkmiş tərəfə də müraciət etməli idi. Amma belə bir addım atılmayıb. Hətta sözügedən açıqlamada 30 ildən artıq müddətdə öz yurd-yuvalarından didərgin salınan  qaçqın və məcburi köçkünlərimizin problemi, həmçinin hayların işğal dönəmində ölkəmizin  təbii sərvətlərinin talan etmələri, maddi və mədəni irs nümunələrimizin dağıtmaları, həmçinin Ermənistan ərazisindən vəhşicəsinə qovulmuş soydaşlarımız  ilə bağlı bir cümlə belə öz əksini tapmayıb. Başqa sözlə desək, həmin açıqlamada Azərbaycanın hüquqlarına dair heç bir obyektiv və ədalətli yanaşmaya yer ayrılmayıb. Bu fakt bir daha göstərir ki, Azərbaycanla əlaqədar tutarlı faktlar “Freedom House” üçün əsla maraq doğurmur.

Bununla da sözügedən təşkilat hayların onun üçün  ayrılan vəsaitlərin “məqsədyönlü şəkildə” xərcləndiyini bir daha nümayiş etdirməyə çalışıb. Şübhəsiz, bunu həm də Qərbin Cənubi Qafqaz regionunda məkrli niyyətlərinə çatmaq istiqamətində atdığı addım kimi də dəyərləndirmək mümkündür. Bütün bunlar da Azərbaycana qarşı irəli sürülən bu kimi ittihamların əslində siyasi məqsədlərlə bağlı olduğunu bir daha sübut edir. Bu mənada sözügedən təşkilatın "insan hüquqları" adı altında apardığı  kampaniyalar Ermənistan lobbisinin təsiri altında Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməkdən başqa bir şey deyil. Artıq sirr deyil ki, "demokratiya və insan hüquqlarının müdafiəsi" adı altında fəaliyyət göstərən "Freedom House" da “Amnesty İnternational”, “Human Rights Watch”, “Sərhədsiz Repartyorlar” kimi  Qərbin geosiyasi maraqlarına uyğun gəlməyən dövlətləri beynəlxalq arenada təzyiq altında saxlamaqla məşğuldur.

Bütün bunlardan bir daha aydın olur ki, COP29 zamanı  anti-Azərbaycan qüvvələr elə bu niyyətlə də  insan hüquqları bəhanəsi ilə ölkəmizə qarşı hücumlarını intensivləşdiriblər. Amma bu, bir həqiqətdir ki, Qərb dairələrinin belə ucuz kampaniyaları beynəlxalq normalar çərçivəsində siyasət yürüdən ölkəmizə qarşı  mənfi imic yarada bilmir. Yeri gəlmişkən, ölkəmiz belə qarayaxma kampaniyaları ilə müxtəlif mötəbər tədbirlərə ev sahibliyi etdiyi dönəmlərdə də rastlaşıb və onları uğurla dəf etməyi bacarıb. Bu gün Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə özünün inkişaf edən, tolerant, Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində konstruktiv addımlar atan ölkə olduğunu bir daha  bütün dünyaya nümayiş etdirir. Şübhəsiz, bütün bunlar region üzərində məkrli planlar qurmaq istəyən desturiktiv qüvvələrə xoş gəlmir. Elə bu səbəbdən də onlar “Freedom House” kimiləri  aktivləşdirərək COP29-la bağlı təxribat formalı təbliğat həyata keçirirlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
64
ikisahil.az

1Sources