EN

17 noyabr – Müstəqilliyə gedən yolun başlanğıcı –Azpost MEDİA /VİDEO

Bu gün 17 noyabr “Milli Dirçəliş” günüdür. Bu tarix Azərbaycan müstəqilliyinin bərpa edilməsində mühüm əhəmiyyət kəsb edib.

Azpost MEDİA bununla bağlı hazırladığı video sujeti oxucularına təqdim edir:

Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 12 noyabr 1988-ci ildə “Kommunist” qəzetinin 263-cü sayında “Topxananın harayı” adlı yazı dərc edildi. Bu yazı Azərbaycanı yerindən oynadan, Meydan hərəkatının başlanmasına səbəb oldu.
Məhz bu yazı ilə sovet Azərbaycanında siyasi aktivlik özünün yüksəliş fazasına qədəm qoydu.
17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr – 5 dekabr 1988-ci il) başladı.
Lenin adına meydana toplaşan milyonlarla azərbaycanlı “biz ölərik, Qarabağı vermərik” hayqırırdılar.

Noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi. Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar.
Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra –noyabrın 19-da burada ilk dəfə1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı qaldırıldı.

Dekabrın 3-də Bakıya yeridilmiş sovet ordusunun hərbi rəhbərliyi mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi.

Meydan Hərəkatı Azərbaycanın müstəqilliyi uğrunda başlanan milli-azadlıq hərəkatının başlanğıcı oldu. 3 ildən sonra – 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini elan etdi.

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

Chosen
73
azpost.info

1Sources