EN

COP29 çərçivəsində Parlament Görüşü...

Noyabrın 16-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü işə başlayıb.

Tədbiri giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova  qonaqları salamlayaraq tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 90-a yaxın nümayəndə heyətinin iştirak etdiyini bildirib. Qeyd olunub ki, bu, zəmanəmizin ən aktual problemi olan iqlim dəyişikliyi məsələsinin həllindəki qətiyyətimizin və fədakarlığımızın göstəricisidir. COP29 çərçivəsində Parlament Görüşünün təşkil olunması fikrinin Parlamentlərarası İttifaqın Baş Katibi Martin Çunqonq tərəfindən irəli sürüldüyünü bildirən Milli Məclisin sədri, dəyərli təşəbbüsə görə ona təşəkkür edib və deyib ki, bu tədbir Azərbaycanın keçən ilin dekabrında yekdilliklə COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsindən sonra mümkün olub.

Spiker söyləyib ki, Azərbaycanın COP29-a ev sahibi qismində seçilməsi, dünya ictimaiyyətinin ölkəmizin körpü qurucusu kimi çıxış etmək, icmaları və ölkələri ortaq bir məram ətrafında birləşdirmək bacarığına və təcrübəsinə olan inamının nəticəsidir. Qonaqların diqqətinə çatdırılıb ki, digər ölkələrlə müqayisədə hazırlıqlar üçün daha az vaxt - yalnız 11 ay olmasına baxmayaraq, COP29 Azərbaycan Sədrliyi bütün maraqlı tərəfləri cəlb etmək, onların ehtiyaclarını dinləmək və gözləntilərini anlamaq istiqamətində böyük işlər görüb.

Təəssüf hissi ilə qeyd olunub ki, bu hazırlıqlar zamanı ölkəmiz bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib. Bu fəaliyyətlərdə az sayda milli parlamentlər və parlamentlərarası təşkilatlar da rol oynayıblar. Parlamentin spikeri bildirib ki, bəziləri ümumi çağırışlar qarşısında dialoqun, əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Digər tərəfdən, onlar hələ də başa düşmürlər ki, mühüm əhəmiyyətə malik olan iqlim dəyişikliyi məsələsi, onların dar maraqlarını və siyasi motivli ambisiyalarını nümayiş etdirmək üçün platforma rolunu oynaya bilməz.

Spiker çıxışında qeyd edib ki, bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla işinə başlayıb və bütün maraqlı tərəflərin iştirakı ilə öz işini davam etdirir.

Çıxışında “Qlobal iqlim səylərində parlamentlərimizin, bizim rolumuz nədir?” suallarını səsləndirən S. Qafarova vurğulayıb ki, bu suallar ritorik suallar deyil və onların cavabları mövcuddur: “Parlamentlərimiz hökumətlərimizə iqlimlə bağlı fəaliyyətin inkişafında dəstək olmaq üçün qanunvericilik, büdcə və ya nəzarət vasitəsilə lazım olan alətlərə malikdirlər. Əminəm ki, parlamentlərimizin əksəriyyəti artıq emissiyaların azaldılması, enerji keçidi və “yaşıl inkişaf”la bağlı qanunlar qəbul ediblər”.

Çıxışının sonunda Milli Məclisin sədri əminliyini ifadə edib ki, ölkələrimiz daha güclü tərəfdaşlıq, dəstək və öhdəliklərlə yaşıl dünya, daha yaxşı və davamlı gələcək naminə həmrəyliklə irəliləyəcək.

Çıxış edən Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Tulia Akson Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyi üçün təşəkkür edib. Onun sözlərinə görə, bu, qlobal əməkdaşlıq üçün gözəl imkan yaradır. Biz burada inklüzivlik və tərəfdaşlıq ruhunda iqlim böhranının öhdəsindən gəlməliyik. Daim çalışırıq ki, beynəlxalq dialoqu gücləndirək, insan hüquqlarını gündəmə gətirək, daha ədalətli dünya quraq.

“İqlim dəyişikliyi həyatımızın bütün aspektlərinə təsir göstərir. Biz çalışmalıyıq ki, planetimizi qoruyaraq gələcək nəslə çatdıraq. Son illərdə dünyada bir çox aşırı hava şəraitləri yaşanıb. İqlim dəyişməsi məsələsi doğrudan da böhran vəziyyətinə gəlib çatıb. Dünyanın müxtəlif regionlarında meşə yanğınları, infrastrukturun dağıdılması, təbii fəlakətlər baş verib və nəticədə 30 milyona yaxın insan məcburi köçkünə çevrilib”, - deyə Tulia Akson qeyd edib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev isə çıxışında deyib ki, həm nəzarət, həm məsuliyyət qoymaqla və qanunvericiliyi təkmilləşdirməklə daha güclü iqlim tədbirlərini həyata keçirmək olar: “Parlamentlər milli büdcələri təsdiq edir, iqtisadi qərarların qəbulunda əhəmiyyətli rol oynayır. Bu iqlim dəyişmələrinə qarşı dayanıqlı dünyanın qurulmasında vacib məsələdir. Bütün xalqların təhlükəsizliyi və rifahı hər şeydən önəmlidir. Biz istərdik, COP-dan evə qayıdandan sonra siz ölkənizdə iqlim təhlükəsizliyi ilə bağlı siyasətin təşkilində öz rolunuzu verə biləsiniz”.

“İqlim dəyişikliyi problemi dünyada bütün insanlar üçün əsas aktual narahatlıqdır. Parlamentlər vətəndaşların həyatını dəyişdirən konkret addımları dəstəkləyə bilər. Yaşanıla bilən dünya uğrunda mübarizədə konkret fəaliyyətə keçilməlidir”. Bu fikirləri isə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib. Dayanıqlılığın artırılmasından, daha sağlam həyat standartlarının təmin olunmasından da bəhs edən icraçı katib vurğulayıb: “Biz insanlara daha da irəli getməyə imkan verən siyasətlərə ehtiyac duyuruq. Həm də bilirik ki, təkcə ambisiya kifayət etməyəcək. Hər bir ölkə kifayət qədər ambisiyalı olmalıdır. Maliyyələşdirmə məsələsi çox önəmlidir, xüsusilə iqlim maliyyəşməsindən əziyyət çəkən ölkələr üçün. Hər bir ölkədə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi önəmlidir”.

Saymon Stil qeyd edib ki, hazırda 8 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir. İqlimlə bağlı bu cür tədbirlər həqiqi iqtisadi nəticəsi olan prosesə çevrilməlidir. İcraçı katib COP29 çərçivəsində G20 liderlərinə də müraciət edib. O, iqlim dəyişikliyinin yaratdığı qlobal böhranın həlli istiqamətində təcili və daha təsirli tədbirlər görülməsinin vacibliyini vurğulayıb: “Gələn həftə Rio-de-Janeyroda keçiriləcək G20 Zirvəsi önəmli bir mesaj üçün fürsətdir. İqlim böhranı dünyanın ən böyük iqtisadiyyatlarının əsas gündəlik məsələsi olmalıdır. Əks halda, bu böhran bütün ölkələrə dərin iqtisadi və sosial təsir göstərəcək”.

BMT rəsmisi deyib ki, Bakıda keçirilən COP29 çərçivəsində yeni iqlim maliyyəsi hədəfi üzərində danışıqlar davam edir. G20-nin iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını vurğulayan S.Stil liderləri daha çox qrant və güzəştli maliyyənin ayrılmasına, çoxşaxəli inkişaf banklarının islahatlarının sürətləndirilməsinə və borc yüklərinin yüngülləşdirilməsinə çağırıb. O qeyd edib ki, həssas ölkələr borc ödəmə yükündən azad olmadan daha cəsarətli iqlim tədbirləri həyata keçirə bilməz. “Bu qeyri-sabit dövrdə beynəlxalq əməkdaşlıq insanlığın qlobal istiləşmədən xilas olmaq üçün yeganə şansıdır. G20 liderləri birmənalı mesaj verməlidirlər ki, birlikdə işləməkdən başqa çıxış yolu yoxdur”, - deyə Saymon Stil əlavə edib.

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq bildirib ki, parlamentlərin iqlimlə bağlı mühüm işlər görmək potensialı var: “Biz parlamentləri iqlimə uyğun qanunvericiliyi dəstəkləmək üçün səfərbər etmək istəyirik. İstəyirik ki, parlamentlər resursları səfərbər etsinlər, iqlimlə bağlı tədbirlər üçün vəsait ayırsınlar. Dövlətlər bu tədbirlərdə bağlanılan sazişlərə görə cavabdeh olmalıdırlar. Biz Parlamentlərarası İttifaq vasitəsilə parlamentləri səfərbər etməyə çalışacağıq ki, iqlim dəyişikliyi dalğasının qarşısını almaq üçün tədbirlər görülsün və bunun hamı üçün ədalətli şəkildə həyata keçirilməsini istəyirik”.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva isə bildirib ki, parlamentlər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Miqrasiya, ərzaq təhlükəsizliyi kimi məsələlər çox önəmlidir. İqlim dəyişmələrinin aradan qaldırılmasında maliyyələşdirmə ən vacib məsələdir. T.Narbayeva ölkəsində iqlim dəyişmələrinə qarşı həssas olan icmalar üçün həyata keçirilən işlər barədə də danışıb, regionda dayanıqlılığın daha da möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub.

Sonra tədbir iştirakçılarına iqlim dəyişmələrinin real təsirlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib, mövzu ətrafında çıxışlar dinlənilib.

Daha sonra Parlament Görüşü sessiyalarda öz işini davam etdirib. Sessiyalarda “İqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu”, “İqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı”, “İqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi”, “İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə”, “Dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri”, “İnsan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi” və digər mövzularda müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edən bir sıra ölkələrin parlament rəhbərləri, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri COP29-un iqlim dəyişmələrinə qarşı mübarizədə əhəmiyyəti barədə danışıblar, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər.

Tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbir noyabrın 17-də başa çatacaq.

N.BAYRAMLI

1Sources