EN

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri ilə görüşüb » AzadMedia.az



Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Spiker Sahibə Qafarova ölkəmizin evsahibliyi ilə keçirilən bu mühüm tədbirdə iştirakına və oradakı çıxışına görə qonağa təşəkkür edib.
Bildirilib ki, iqlim dəyişikliyi ilə əlaqədar dünyanın üzləşdiyi problemlərin həlli üçün qlobal əməkdaşlığın əhəmiyyəti danılmazdır və bu istiqamətdə parlamentlərin mühüm rolu vardır.
Söhbətdə Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Dövlətlərimiz arasında hərtərəfli əlaqələrin inkişafında prezidentlərin qarşılıqlı səfərlərinin, aparılan danışıqların önəmli rol oynadığını xüsusi qeyd edib. O, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın inkişaf etdirilməsi, strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı imzalanmış sənədlərin vacibliyindən danışıb.
Spiker Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin ölkəmizə səfərə gələrək COP29-da iştirak etməsini, noyabrın 13-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin görüşündən sonra Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasiminin keçirilməsini məmnunluqla qeyd edib. Bildirilib ki, bizim özbək dostlarımızın Füzulidə məktəb tikintisinə, qısa müddətdə isə Xankəndidə minlərlə insanın çalışacağı bu gözəl müəssisənin yaradılmasına kömək göstərmələri qardaşlıq münasibətinin təzahürüdür.
Milli Məclisin sədri qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, Azərbaycan və Özbəkistanın parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini söyləyib. Bildirilib ki, deputatlarımız beynəlxalq parlament qurumlarında da səmərəli əməkdaşlıq edirlər.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva görüşə və belə əlamətdar hadisə ilə bağlı dəvətə görə təşəkkürünü bildirib.
O, COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb və orada müzakirə olunan məsələlərin dünyanın gələcəyi üçün önəmini qeyd edib.
Görüşdə Özbəkistanla Azərbaycan arasında münasibətlərin inkişafında parlamentlərin rolu vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən bəhs edilib. O, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlərini məmnunluqla xatırlayaraq, belə görüşlərin qanunverici orqanlar arasında əməkdaşlığın möhkəmləndirilməsində rolunu vurğulayıb.
Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Chosen
66
9
azadmedia.az

10Sources