EN

“Zamandan zamana” kitabı Bişkekdə təqdim edildi: Adil Cəmilin tərcumələri

Bu günlərdə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində qırğız xalqının görkəmli şairi Alıkul Osmonovun “Zamandan zamana” adlı şeirlər kitabının təntənəli təqdimat mərasimi keçirilib. Alıkul Osmonovun adını daşıyan mərkəzi kitabxanada keçirilən, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan tədbirə Qırğızıstan respublikasının dövlət, elm və ictimaiyyət xadimləri həvəslə qatılaraq cəmi 35 il yaşamış, lakin şeirləri bu xalqın dilindən düşməyən şairin Azərbaycan dilinə ilk dəfə tərcümə olunan kitab haqqında ürək sözlərini söyləyiblər.

Tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, sənətşünaslıq elmləri doktoru, professor Aktotı Raimkulova Azərbaycanın tanınmış şairi, tərcüməçisi və manasşünas alimi Adil Cəmil tərəfindən tərcümə olunan, özünün isə rəhbərlik etdiyi fond tərəfindən nəşr edilən bu kitabın türk dünyasına yeni bir töhfə olduğunu vurğuladı. Aktotı xanım şeirləri dünyanın bir neçə aparıcı dilinə tərcümə olunmuş şairin ilk dəfə Azərbaycan xalqına tanıdılmasında əməyi keçən Adil Cəmilə iki xalq arasında dostluq körpüsünün daha da möhkəmlənməsi sayəsindəki xidmətinə görə öz minnətdarlığını bildirib.

Qırğızıstan respublikasının Mədəniyyət, İdman və Gənclər nazirinin müavini Gülbar Abdıkalıkova öz çıxışında “Zamandan zamana” kitabının Azərbaycan türkcəsinə tərcüməsini nakam şair Alıkul Osmanovun xatirəsinə böyük ehtiram hesab edib. O, tərcümənin müəllifi Adil Cəmili Qırğızıstan respublikasının mədəniyyət əlaçısı medalı ilə təltif edib.

TÜRKSOY-un baş katibi Sultan Rayev “qırğızların Puşkini” adlandırdıqları Alıkul Osmonovun şeirlərinin istedadlı Azərbaycan şairi, qırğız xalqının mənəvi dünyasına dərindən bələd olan manasşünas alim Adil Cəmil tərəfindən tərcümə olunmasını yüksək dəyərləndirdi. Onu da əlavə etdi ki, bu yaxınlarda Adil Cəmili 70 yaşı münasibətilə TÜRKSOY-un təsis etdiyi “Nizami Gəncəvi” qızıl medalı ilə təltif edilib.

Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Kanıbək İmanəliyev imzasına hörmətlə yanaşdığı, Qırğız şifahi və yazılı ədəbiyyatı ilə bağlı tədqiqatlarına və tərcümələrinə yaxından bələd olduğu Adil Cəmilin tərcümə etdiyi “Zamandan zamana” kitabının böyük əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, bu, Alıkul Osmonovun əlavə 10 milyon oxucu tərəfindən tanınması deməkdir. Sonra K.İmanəliyev Adil Cəmilə Qırğızıstan Milli Yazıçılar İttifaqının üzvlük vəsiqəsini təqdim edərək yeni-yeni uğurlar dilədi.

Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov nakam, həyatdan vaxtsız getmiş istedadlı şair Alıkul Osmonovu Azərbaycanın Mikayıl Müşfiqi ilə müqayisə etdi və belə tərcümə kitabı ilə xalqlarımızı biri-birinə yaxından tanıdan, doğmalaşdıran Adil Cəmilə dərin təşəkkürünü bildirdi. Vurğuladı ki, eyni kökə, eyni dilə, dinə və adət-ənənəyə malik türk xalqlarının dünyaduyumunda da bir eynilik, bir oxşarlıq var.

Azərbaycanda bu ilin aprelinə qədər Qırğızıstanın səfiri işləmiş, hazırda Y.Balasaqun adına Qırğızıstan Milli Universiteti Türk İrsi Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Kayrat Osmonəliyev belə bir kitabın təqdimatına ürəkdən sevindiyini bildirdi. O, qeyd etdi ki, əslində bu kitabın ərsəyə gəlməsinin ilkin təşəbbüskarı özü olmuşdur. Azərbaycanda çalışdığı 3 il müddətində Adil Cəmil ilə vaxtaşırı görüşən sabiq səfir görüşlərinin birində Alıkul Osmonovun şeirlər kitabını ona verib xoşuna gəlsə tərcümə edərsən deyib. Adil Cəmilin xoşuna gəldiyinə görə qısa müddət ərzində Alıkul Osmonovun 86 şeirini Azərbaycan dilinə tərcümə edib. Kayrat Osmonəliyevin tərtibçiliyi, Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə dəstəyi və Aktotı xanımın müqəddiməsi ilə “Türk ədəbiyyatının inciləri” seriyasından Alıkul Osmonovun “Zamandan zamana” poetik toplusu qırğız və Azərbaycan dillərində nəfis şəkildə nəşr olunub.

Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun oğlu Əskər Aytmatov türk xalqlarının inteqrasiyasında belə tədbirlərin düzənlənməsini yüksək qiymətləndirdi. Eyni zamanda türk-turan birliyinin, ortaq əlifbanın meydana gəldiyi bu dönəmi atasının da böyük arzuları kimi xatırlatdı.

Alıkul Osmonov fondunun və ev-muzeyinin direktoru Pamirbəy Kazıbəyov belə bir kitabın ərsəyə gəlməsinə görə ilk növbədə şair-tərcüməçi Adil Cəmilə dərin təşəkkürünü bildirdi, onun əməyini fondun məxsusi fəxri-fərmanı ilə dəyərləndirdi.

Alıkulşünas Zamir Asanaliyev qırğız poeziyasının klassiki A.Osmonovun “Zamandan zamana” şeirlər kitabının Azərbaycan türkcəsinə mükəmməl tərcüməsinə görə Adil Cəmilə Alıkul Osmonov adına “Qızıl qələm” mükafatını təqdim etdi. “Ruh-Beyne” Beynəlxalq Yaradıcılıq Akademiyasının vitse-prezidenti, xalq yazıçısı, professor Sulayman Risbayev tədbir iştirakçılarına sözügedən akademiyanın prezidenti Kayırgül Sıdıkanovanın salamlarını çatdırdı. İlk dəfə Azərbaycan dilinə tərcümə olunan bu şeirlərin qardaş məmləkətdə Alıkulun tanınmasına yol açdığını söylədi. Sonra Adil Cəmilə yaradıcılıq akademiyasının məxsusi medalını təqdim etdi.

Unudulmaz təəssüratla təqdimat mərasimindən ayrılan iştirakçılar sonra Alıkul Osmonovun ev-muzeyinə və məzarına da baş çəkib ruhuna dualar oxudular.

Nazgül Omurzakova

Türk Mədəniyyəti və İrsi

Fondunun əməkdaşı


Chosen
35
1
azia.az

2Sources