EN

Azərbaycanda bu şəxslər pulsuz dərman alacaq


Apteklər icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bəs yeni qanun vətəndaşlara nə verəcək?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Vətəndaşların büdcələrinə də təsir edəcək

Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti həkim-farmakoloq Aydın Əliyevin fikrincə, bu qərar vətəndaşlarımızın həm sağlamlığı, həm də sosial problemlərinin həlli baxımından əhəmiyyətli olacaq: "Qərar icbari tibbi sığorta sisteminə qoşulan apteklərin özü üçün də müsbət addım kimi qiymətləndirilməlidir. Dərmanların keyfiyyəti, saxlanması və qiymət məsələlərində həm apteklər, həmçinin vətəndaşlar üçün xeyirli olacaq. Dərman vasitələrinin əhali üçün daha əlçatan olacağını düşünürəm. Qiymət fərqlərini də nəzərə alsaq, bu, vətəndaşların büdcələrinə də təsir edəcək".

A.Əliyevin fikrincə, bundan sonra reseptlərdə bütün məlumatlar ətraflı şəkildə qeyd ediləcək: "Bu prosesə qoşulan apteklər öz işlərini qanunlara uyğun şəkildə qurmalıdırlar. Reseptlərin də elektron formatda olması həyata keçirilir. İstənilən insan verilmiş məlumatlarla daxil olub öz reseptini yoxlaya bilər. Elektron reseptdə həm xəstənin məlumatları, həmçinin gedəcəyi apteklərin adları göstərilir. İcbari tibbi sığortanın qaydalarına uyğun apteklərlə bağlı olan məsələni tibb müəssisələri özləri həll edəcəklər. Qanunun tətbiqi üçün vətəndaşlar özləri də bunu tələb etməlidirlər".


"Tək bizdə tətbiq edilmir"

Sosioloq İlqar Hüseynli isə bildirdi ki, icbari tibbi sığortanın aptek şəbəkələrində tətbiq edilməsi ilk Azərbaycanda həyata keçirilmir: "Dünyanın demək olar ki, əksər inkişaf etmiş ölkələrində icbari tibbi sığortanın sərhədləri yalnız xəstəxanalarda tibbi xidmət göstərilməklə məhdudlaşmır. Məsələn, Türkiyədə elə məhəllə aptekləri var ki, onlar sırf aid olduqları ərazidə yaşayan yaşlı insanlara, sığortalı vətəndaşlara əczaçılıq xidməti göstərirlər".


Qərarın əsas hədəfi

İ.Hüseynli qeyd etdi ki, qərarın əsas hədəfi aztəminatlı ailələr, imkanı olmayan şəxslər, icbari tibbi sığorta ilə müalicə prosesinə cəlb olunan vətəndaşların təyin olunmuş reseptlərlə dərmanlarını asanlıqla ala bilməsini təmin etməkdir: "Xəstələrin ilkin həkim müayinəsindən keçməsi, diaqnoz qoyulması ilə iş bitmir. Həkim tərəfindən yazılmış dərman preparatlarının alınması da çox vacib və ciddi məsələlərdəndir. Elə məhz bir çox hallarda xəstələrin qarşılaşdığı əsas problem həkim müayinəsindən keçmək yox, daha çox həkim tərəfindən yazılmış dərman vasitələrinin alınmasıdır. Adətən xəstələr icbari tibbi sığorta ilə müayinədən keçirilir. Lakin sonrakı mərhələdə yazılan preparatları almağa bir çox insanın imkanı çatmır. O zaman xəstənin həkimə getməsi də mənasız olur. Çünki xəstə sağalmaq üçün dərman qəbul etməlidir".


"Nəzarət vacibdir"

Müsahibimiz diqqət edilməli məqamlara da toxundu: "Sadəcə, burada müəyyən normativ aktlar qəbul olunmalıdır. İcbari tibbi sığortaya cəlb olunan apteklərin seçimi şəffaf şəkildə həyata keçirilməlidir. Tətbiq edilən zaman diqqət edilməlidir ki, heç bir inhisarçılıq hallarına yol verilməsin. Düşünürəm ki, bütün apteklər icbari tibbi sığorta paketi altında dərman təchizatı həyata keçirə bilməlidirlər. Qanunda qeyd edilir ki, sırf icbari tibbi sığorta sisteminə qoşulmaq istəyən apteklər buraya aid ediləcək. Burada hansı apteklərin həqiqətən də müraciət edib-etməməyi açıq şəkildə göstərilməlidir. Ola bilər ki, icbari tibbi sığortası olan bütün xəstələr apteklərdən dərmanlarını bu sistem vasitəsilə əldə edəcəklər".

İ.Hüseynlinin sözlərinə görə, nəzarət edilməli ən vacib məqam isə dərmanların ödənişlərinin zamanında çatdırılmasıdır: "Çox güman ki, İcbari Tibbi Sığorta Agentliyi aptek şəbəkələri ilə müqavilələr bağlayaraq bu işi həyata keçirəcək. Yəqin ki, reseptlər də qeydiyyatdan keçəcək. Müəyyən müddətdən bir, məsələn, ayda bir dəfə icbari tibbi sığorta əsasında alınan dərman preparatlarının pulu ödəniləcək. Amma bu vəsaitlərin zamanında gəlib çatması nə dərəcədə vaxtında reallaşacaq, o qeyri-müəyyəndir. Çünki bu sahədə bir çox hallarda həkimlərin ödənişlərində gecikmələr olduğu faktları mövcuddur. Belə olan halda apteklərə ödənişlərin zamanında edilməsinə nəzarət lazımdır. Hədəf insanların dərman vasitələrinə olan əlçatanlığını təmin etməkdir. Amma hədəfə çatmaq üçün qurumlar üzərlərinə düşən vəzifələri yerinə yetirməli, yaradılan mexanizmə əməl etməlidirlər".


"Müəyyən dəyişikliklər edilə bilər"

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, qərara müəyyən dəyişikliklər edilə bilər: "Ambulator dərman vasitələrinin icbari tibbi sığorta tərəfindən qarşılanması məsələsi Milli Məclis tərəfindən birinci oxunuşda təsdiqlənib. Lakin bu qanunun ikinci və üçüncü oxunuşlarda da təsdiqlənməsi nəzərdə tutulur. İkinci və üçüncü oxunuşda müzakirələr gedəcək və müəyyən məsələlər təhlil ediləcək. Bütün məsələlər təsdiq edildikdən sonra artıq qanun qüvvəyə minəcək. O zaman qərar barəsində daha dəqiq məlumat vermək mümkündür".


Chosen
31
23
news24.az

10Sources