BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub.
Bu barədə Publika.az-a FHN-dən bildirilib.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun iştirak etdiyi tədbirdə, əvvəlcə FHN Akademiyasının həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Akademiya FHN üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada beynəlxalq əlaqələrə xüsusi diqqət yetirildiyi vurğulanıb, ali təhsil ocağının bir sıra ölkələrin müvafiq təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq etdiyi qeyd olunub.
Qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər.