EN

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb - FOTOLAR

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşündə “İnsan mobilliyinə və iqlim dəyişikliyinə gedən yol: iqlim səbəbli miqrasiya və məcburi köçkünlüyün həlli” adlı sonuncu sessiya təşkil edilib. SİA xəbər verir ki, Milli Məclisin deputatı Qaya Məmmədovun moderatorluğu ilə keçirilən sessiyada iqlim dəyişikliyi təsirlərindən yaranan miqrasiya və məcburi köçkünlük tendensiyasına diqqət çəkilib. Parlamentlərin miqrasiya və məcburi köçkünlüyün əsas səbəblərini həll etmək və məcburi köçkünlərin və miqrantların müdafiəsini təmin etmək üçün strategiyaları təşviq etmək imkanları müzakirə olunub.

Sessiyada çıxış edənlər - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Xüsusi Məsləhətçisi Ofisinin Baş siyasət məmuru xanım Mişel Yonetani, “Refugees International” təşkilatının qaçqın təqaüdçüsü xanım Ayoo Hellen, Tailand Nümayəndələr Palatasının üzvü xanım Sanivan Buaban iqlim dəyişikliyinin təsiri ilə əlaqəli miqrasiya və məcburi köçkünlük problemlərini müzakirə edərək müxtəlif aspektlərə toxunublar. Onlar xüsusilə məcburi köçkünlərin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq əməkdaşlığın vacibliyini qeyd ediblər. İqlimin səbəb olduğu miqrasiya zamanı ən çox təsirlənən qadın və uşaqların vəziyyətinə diqqət çəkilib.

Çıxışlardan sonra sessiya interaktiv müzakirələrlə davam edib. Müzakirələrdə parlamentlərin iqlim dəyişikliyinin sosial təsirlərinə qarşı strategiyaları necə inkişaf etdirə biləcəyi barədə fikirlər səsləndirilib.

Chosen
21
2
sia.az

3Sources