EN

COP29 çərçivəsində xarici media nümayəndələri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar

Noyabrın 17-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna mediatur təşkil olunub.

Budəfəki mediatura qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələrinin gələcək nəslə ötürülməsində mühüm rol oynayan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğundan başlayıblar. Jurnalistlərə açıq səma altında yerləşən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində xalçaçılıq, duluşçuluq kimi qədim sənət nümunələri təqdim edilib, onlar qoruq ərazisində yerləşən məscid, hamam, habelə memarlıq və arxeoloji abidələrlə tanış olublar.

Xarici media nümayəndələri, həmçinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək qədim abidənin tarixi haqqında ətraflı məlumat alıblar. Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” bütün dünyada tanınır, yerli memarlıq ənənələri üslubunda tikilmiş məbəd özündə qədim od səcdəgahlarının cizgilərini birləşdirir. 

Qonaqlar Abşeronun Məhəmmədi kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna səfər edərək dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan möcüzəni də müşahidə ediblər. Qeyd olunub ki, burada Yanardağla yanaşı, “Qurd yuvası” mağarası, çoxəsrlik tarixə malik iki qəbiristanlıq, kükürdlü su bulağı, hələ də aktiv olan Qırməki palçıq vulkanı və digər maddi-mədəni irs nümunələri mövcuddur.

1/20
Chosen
53
15
media.gov.az

10Sources