EN

Mark Kasado “Barselona”da məşqçi heyətilə münasibətini açıqladı

“Barselona”nın 21 yaşlı ispan dayaq yarımmüdafiəçisi Mark Kasado klubdakı məşqçilər və komanda ilə qarşılıqlı münasibətindən söhbət açıb.

Arena.az “Som I Serem FCB” dərgisinə istinadən, gənc ispan “dayaqçı”nın bu barədə fikrini təqdim edir:

“Mən məşqçilərlə taktika və başqa hər xüsus haqqında danışmağı çox xoşlayıram. Həmişə demişəm ki, ən əsası, komandanın meydanda özünü rahat hiss etməsidir”, deyə Kasado vurğulayıb.

Mark Kasado futbola “Damm” klubunda qədəm qoyub. O, buradan “Barselona”nın futbol akademiyasına yol taparaq, “blauqrana”nın düşərgəsində bir futbolçu kimi püxtələşib.

Kasado 2024-cü ilin iyulunda “Barselona”nın əsas komandasına keçirilib.

Gənc “dayaqçı”nın Kataloniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kasado “blauqrana” üçün bütün yarışlarda 15 oyun keçirib, 5 məhsuldar ötürmə verib.

Mark Kasadonun “Barselona”da çıxışının ümumi mənzərəsi isə 20 oyun və 5 məhsuldar ötürmədən ibarətdir.

Mark Kasado İspaniyanın U-16, U-17 və U-21 yığmalarında oyun təcrübəsinə malikdir. Kasado İspaniyanın əsas milli yığma komandasına çağırış alsa da, debüt imkanını hələ əldə etməyib.

Mark Kasadonun “Barselona”nın yeniyetmələrdən ibarət komandası ilə Alqarve Beynəlxalq Turnirində (2020) qalibiyyəti var.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispan dayaq yarımmüdafiəçisi Mark Kasadonun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Chosen
26
1
arena.az

2Sources