EN

“Azərbaycan şərabını daha yeni tanıdım”

Böyük Britaniyanın nüfuzlu “The World of Fine Wine” jurnalında Azərbaycanın şərabçılıq ənənələri və məhsulları barədə məqalə yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, dərc olunan məqalənin müəllifi, 60-dan çox beynəlxalq şərabçılıq müsabiqəsinin münsiflər heyətinin üzvü Pol Uaytdır.

Pol Azərbaycan şərabının heyrətamiz hekayəsini danışmaq üçün şərab dünyasının qədim guşəsi Şamaxıya səfər edib.

O, yazıda Azərbaycanın qədim şərabçılıq ənənələrindən, yerli şərab məhsullarından, üzüm sortlarından ətraflı bəhs edib.
Məqalədə Azərbaycanda şərabçılığın tarixinin 4 min ildən çox olduğu, bu barədə eramızdan əvvəl VII əsrdə Herodotun, I əsrdə Strabonun əsərlərində məlumat verildiyi bildirilib. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə, o cümlədən xristian və yəhudi icmalarına qarşı göstərilən tolerantlığın bu ölkədə şərabçılıq ənənələrinin qorunub saxlanmasında və inkişafında özünəməxsus rol oynadığı qeyd olunub.

Yazıda xüsusilə 2000-ci illərdən etibarən ölkədə şərabçılıq sənayesinin dirçəldilməsinə və inkişafına xüsusi diqqət yetirildiyi, son bir neçə ildə bu istiqamətdə böyük inkişafa nail olunduğu vurğulanıb:

“İnkişaf etməkdə olan daxili auditoriyanı, həm də geniş bazarları təmin etmək üçün ardıcıllığa, keyfiyyətə yüksək həssaslıqla diqqət yetirilməsi Azərbaycan şərabının şöhrət tapmasında mühüm rol oynayır”.

Yazıda Azərbaycanın şərabçılıq sənayesində istifadə olunan üzüm sortları, onların xüsusiyyətləri, yetişdirilməsi qaydaları, şərabçılıq regionları haqqında ətraflı söhbət açılıb. Bu xüsusda Azərbaycanın üç ən iri şərab istehsalçısının Şamaxı rayonunda Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşdiyi vurğulanıb.

Burada fransız və italyan sortları ilə yanaşı, “Savalan”, “Meysəri”, “Mədrəsə”, “Sədəf”, “İnnabı”, “Bayanşirə”, “Chabiant” və digər üzüm sortlarının yetişdirildiyi qeyd edilib, həmçinin onların hər biri haqqında ətraflı məlumat verilib.

“Azərbaycan şərabı özlüyündə maraqlıdır. Azərbaycan Üzümçülük və Oenologiya Elmi-Tədqiqat İnstitutu hazırda üzümçülük üçün üzüm tənəklərinin böyüdülməsini nəzərdə tutan 350-400 yerli üzümün DNT-sini müəyyənləşdirir və araşdırmalar aparır. Şərab istehsalçıları tezliklə çoxlu yeni yerli üzümlərə sahib olacaqlar”, - yazıda deyilir.

Müəllif uzun fasilədən sonra 20 il əvvəl dirçəldilən Azərbaycan şərabçılığının özünü dünyanın ən yeni mərkəzlərindən biri kimi tanıtmağa başladığını xüsusi qeyd edib.

Məqalədə Azərbaycanda şərabçılıq turizminin də inkişaf etdiyi vurğulanaraq, Bakının kosmopolit şəhər olduğu, Barselona və İstanbul şəhərlərinin ruhunun burada vəhdət təşkil etdiyi, şəhərin qala divarlarının uzandığı Orta Əsrlər dövrünə aid mərkəzi hissəsinin yüksək səviyyədə bərpa olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Bakı həm də Azərbaycanın şərab zavodlarını kəşf etmək üçün əla mərkəzdir. Çünki bu şərab zavodlarının əksəriyyəti Bakıdan avtomobillə bir-iki saatlıq məsafədə yerləşir. Onların hamısında yüksəkkeyfiyyətli milli yeməklərin və yerli məhsulların təqdim olunduğu əla restoranlar var.

“Azərbaycanı və Azərbaycan şərabını daha yeni tanıdığım üçün oraya qayıtmağı çox istəyirəm”, - deyə Pol Uayt məqaləni yekunlaşdırıb.

Fotoda Pol Uayt


Chosen
45
1
qafqazinfo.az

2Sources