EN

Cavid Hüseynov “Səbail”i də Premyer Liqadan aşağı salacaq, yoxsa..?

«Səbail»i bundan sonra meydana Cavid Hüseynov çıxaracaq. 2022-ci ilin dekabrından Şahin Diniyevlə çalışan «dənizçilər» artıq sükanı onun gənc həmkarına tapşırıb. Bayıl təmsilçisindən gələn dəvət üzərinə «Turan Tovuz»dakı işini yarımçıq qoyan Kurban Berdiyevin köməkçisi onlarla 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayıb.
Açıq demək lazımdır ki, bu təyinat ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı, Sualın ağırlığı böyükdür - «Səbail» Hüseynovun gəlişiylə qara buludları başının üzərindən qova biləcəkmi?
Premyer Liqanın 13 turunda 8 xal toplayan kollektiv turnir cədvəlinin 9-cu pilləsində «mənzillənib». Onlar son sıradakı «Kəpəz»i cəmi 1 xal qabaqlayır. Mövsüm uzundur və qarşıdakı həftələrdə çox yeniliklər/dəyişiklər baş verəcək. Bu, aydındır. Amma o aydın deyil ki, Hüseynov komandanı təhlükəli bölgədən uzaqlaşdırmaq üçün hansı plan hazırlayıb. Yeni baş məşqçinin görmək istədiyi işlərdən, onun miqyasından xəbərsizik. Çünki özü bu barədə mediaya konkret heç nə söyləməyib. Verdiyi açıqlamalarda ümumi frazalardan istifadə eləyən çalışdırıcının çətin bir yükün altına girməsindən xəbərdar olmasına ümid edirik.
Sadəcə, bu «nigah»ın həm klub, həm də Hüseynovun gələcəyi baxımından təhlükə saçdığını söyləməliyik. Cavid bəyin ilk «ox»u 2023-cü ilin mayında daşa dəyib. 2022-ci ilin yayında debüt etdiyi Premyer Liqada «Şamaxı» ilə çox pis qrafik cızdı. Yekunda «şirlər» I Liqaya yuvarlandı. Maraqlıdır ki, şamaxılılar son turda məhz Diniyevin «Səbail»inə səfərdə 0:1 hesabıyla uduzaraq, aşağı liqanın yolunu tutdu.
Hüseynov təcrübə sarıdan hələ «çiy» məşqçidir. Düzdür, 6 aya yaxın müddətdə Berdiyevin yanında olub və şübhəsiz, 72 yaşlı rusiyalıdan nələrlə öyrənib. Ancaq bunun indi məqamda köməyinə çatacağını iddia etmək çətindir.
«Səbail»in futboçuları Şahin Diniyevin məşq prosesindən kəskin narazı idi. Onlar qeyri-rəsmi söhbətlərdə əsasən bundan şikayətlənirlər. Dediklərinə görə, əvvəlki çalışdırıcı köhnəlmiş, sovet dövründən qalma hazırlıq metodikasından ikiəlli yapışmaqla, komandanı kökdən salıb. Həmçinin oyunçular arasında ayrı-seçkilik hallarına yol verməklə, özü barədə mənfi fikir formalaşdırıb. Diniyevin legionerlərin transferində şəxsi maraqlarından çıxış eləməsi də onu gözdən salan məqamlar sırasındadır.
O, Hüseynova hazır «maşın» qoyub getməyib. Düşərgədəki problemlər «n» qədərdir. Və yeni çalışdırıcının bütün bunların öhdəsindən gəlməsi müşkül məsələdir.
2022/23-cü il mövsümündə «Şamaxı»nın formasını geyinmiş futbolçuların bir çoxunu danışdıran olsa, Hüseynovun yanaşması haqda heç də ağızdolusu danışmayacaq. Bəzən yersiz intriqa apardığını, yaxın çevrəsinin sözüylə hərəkət etdiyini, onları gözümçıxdıya saldığını söyləyəcəklər. Üstəlik, ab-havanı qaldırmaqda, yaxud onu nəzarətdə saxlamaqda çətinlik çəkdiyini deyəcəklər.
Yəqin ki, Rauf Vəliyevin bütün bunlardan xəbəri yoxdur. Həmçinin bilmir ki, Cavid Hüseynov klub idarəçiləri ilə necə münasibət quracaq, yola gedəcəklər, yoxsa yox. «Səbail»in Müşahidə Şurasının sədri gündəlik iş prosesindən çox uzaqdır və komanda ilə uzaqdan-uzağa məlumatlıdır. Hüseynovla gündəlik iş rejimində təmas quracaq funksionerlər hansı qənaətə gələcək - bunun özü hədsiz əhəmiyyətli nüansdır.
Heç şübhəsiz, Rauf Vəliyev yeni baş məşqçini yerlipərəstlik prinsipi ilə seçib. İkisi də eyni rayondandır. Aralarında münasibətlər və əlaqələr «Cəbrayıl»a görə yaranıb. Vəliyev ötən mövsüm II Liqada mübarizə aparmış bu komandaya qeyri-rəsmi formada maliyyə dəstəyi verib. Dostları və tanışlarıyla birgə.
Hüseynovun digər namizədlərdən fərqləndirilməsinin başqa ciddi səbəbi yoxdur. Əgər «Səbail»i Premyer Liqada saxlamasa, bu, məşqçi karyerasına ikinci qara ləkə olaraq düşəcək. Hər halda şər deməsən, xeyir gəlməz. Gərək öz iddiasından ötrü isti yerini soyutmazdı. «Turan»da gül kimi işi varıydı, kimsə üstünə gəlmirdi. Bayılda hər şey tamamilə fərqli olacaq. Tovuzda təzyiq görmürdü, burada isə media iki gözlə onu daim gündəmdə saxlayacaq, hər qərarını, hər addımını çək-çevir edəcək.

ELNUR

Chosen
43
sportinfo.az

1Sources