10-cu sinfin sonunda 2 həftəlik təqaüd proqramı ilə ABŞ universitetinə gedir. Orda artıq ABŞ-ın reytinqli universitetlərindən birində oxumağı qarşısına məqsəd qoyur. Bakalavr təhsili üçün ABŞ-la yanaşı, təqaüd imkanı olan digər xarici universitetlərə də müraciət edir. Eyni zamanda Dövlət İmtahan Mərkəzinin Universitetlərə qəbul imtahanında da iştirak edib 686 bal toplayır. 5-6 xarici universitetdən təqaüd alır, ancaq arzusunda olduğu Harvard Universitetinə təqaüdlü qəbul olduğu üçün digər variantlar haqqında artıq düşünmür.
Universiteti bitirəndən qısa müddət sonra isə “Meta” şirkətində işə başlayır. Valyuta.az-ın müsahibi “Meta”da süni intellekt mühəndisi olaraq çalışan 23 yaşlı İlkin Bayramlıdır.
- İlkin bəy, məktəb vaxtı humanitar yöndə aktiv olmusunuz, respublika olimpiadalarında tarix və ingilis dilindən qalib gəlmisiniz. Bəs texniki sahədə çalışmağınız necə oldu?
- Bəli, məktəb vaxtı humanitar yönə maraq göstərirdim. Məktəblilər arasında keçirilən olimpiadalara tarix fənnindən qatılırdım. Respublika olimpiadasında bir dəfə respublika ikincisi olmuşdum. ADA Universitetində keçirilən ingilis dili olimpiadasında ikinci yeri tutmuşdum. Texniki fənlərdən ən çox riyaziyyatı sevirdim. Ümumilikdə, bütün fənləri yaxşı oxumuşam. Məktəbi qızıl medalla bitirmişəm.
Sahə seçiminə gəlincə, atam iqtisadçı olduğu üçün mən də o istiqamətə getməyi planlayırdım. Universitetdə oxuduğum dövrdə yönümü tam dəyişib texniki sahəyə istiqamətləndim.
- Bakalavr təhsilini ölkə xaricində alanların sayı zamanla artsa da, 2017-ci ildə indiki qədər deyildi. Sizi ABŞ-da təhsilə yönləndirən şəxs olmuşdu?
- Xaricdə təhsil almağı özüm istəyirdim. Amma xaricdə təhsilin xərci yüksək olduğu üçün o zaman üçün bunu real görmürdüm. Mən orta təhsili başa vurduğum illərdə Azərbaycanda xaricdə təhsil üzrə dövlət proqramı dayanmışdı. Tam təqaüdlü təhsil istəyirdim, valideynlərimi xərcə salmaq istəmirdim. 2017-ci ildə ətrafımda bakalavr təhsili üçün ABŞ universitetlərindən birinə tam təqaüdlə qəbul olan kimsə yox idi ki, o nümunəni görüb həvəslənim. Araşdırdım və məlum oldu ki, bəzi Türkiyə və Avropa universitetlərində tam təqaüd imkanı var. ABŞ-da isə Harvard, Yale kimi reytinqli 3-4 universitetdə o imkanı qazanmaq olar. Qəbul ola bilsən, tam təqaüd verirlər amma qəbul olmaq çətindir. Çətinliyini bilirsən və ətrafda da bu imkanı qazananlar olmadığı üçün o qədər də təsəvvürün olmur.
- Amma Harvardda oxumağı bacarmısınız.
- Özü də tam təqaüdlə (Gülür).
- Bu necə oldu?
- 10-cu sinfi bitirəndə 2 həftəlik Yale Universitetində yay proqramına təqaüd qazanmışdım. Orda tam başqa bir dünya dördüm. Universitetin tədris üsulları, mühit, dərsdən kənar fəaliyyətlər çox maraqlı idi. Mən yaşda şirkət quran, elmi araşdırma edən, professorlarla, deputatlarla işləyən uşaqlar gördüm. O vaxt biz ancaq dərs oxumağa, imtahanlarda yaxşı qiymət almağa fokuslanırdıq. O uşaqların hamısı ABŞ-dakı TOP universitetlərdə təhsil almağa çalışırdılar. Orda artıq çox nümunə gördüm ki, onlar edir, mən də edim. Türkiyəli yaxın dostum var, orda tanış olduq. Türkiyədə dövlət məktəbini bitirib Yale Universitetində təqaüdlü bakalavr təhsili qazanmışdı. O nümunə məni həvəsləndirdi ki, bacararam. Gələndən sonra artıq daha aktiv olmağa başladım, dərsdən kənar fəaliyyətlərimi artırdım. Artıq məqsəd ABŞ-da oxumaq idi. Alınmasa belə, mən onun üçün çalışacaqdım.
- Valideynləriniz xaricdə təhsil fikrinizi necə qarşıladılar?
- Təhsil yolunda nə etmişəmsə, valideynlərim həmişə dəstəkləyiblər. Amma xaricdə təhsili qazanmaq sırf özümə bağlı idi. Çünki yolun necə olduğunu bilmirdilər. Əsas məqsəd ABŞ olsa da, Türkiyə, Avropa Universitetlərinə də sənədlərimi göndərmişdim. Mən Azərbaycanda Dövlət İmtahan Mərkəzinin universitetlərə qəbul imtahanını belə vermişdim. Ancaq ABŞ Universitetlərini yazsaydım, valideynlərim narahat olardılar. Sonda 5-6 universitetdən təqaüdlü təhsil imkanı qazanmışdım.
- Bəs DİM imtahanında nə qədər bal toplamışdınız?
- İkinci qrupa sənəd vermişdim, 686 bal toplamışdım. 2-3 sualda diqqətsizlikdən 700 yığa bilməmişdim.
- ABŞ-da tələbəliyiniz necə keçdi?
- 5 saat yatırdım, qalan vaxt işləyirdim.
- İxtisas dəyişikliyinə də universitet dövründə qərar vermisiniz. Niyə iqtisadiyyatdan uzaqlaşdınız?
- ABŞ universitetləri belədir ki, ixtisasa yox, universitetə qəbul olursunuz. Bir il oxuduqdan sonra qərar verirsiniz ki, hansı sahədə təhsil almaq istəyirsiniz. Hətta 2-ci kursdan sonra belə ixtisasını dəyişə bilirsən. Mən ilk olaraq kompüter və iqtisadiyyat dərsi götürdüm. Zamanla gördüm ki, kompüter dərsi daha çox xoşuma gəlir. Həm də başa düşdüm ki, bu gün dünyanı daha çox texnologiya dəyişir. Son 20 ilə baxsaq, dünyadakı yeniliklərin 90 faizdən çoxu texnolojidir. Dünyanın ən böyük şirkətləri texnologiya sahəsindədir.
- SAT-da riyaziyyat imtahanından 800 baldan 800 balı toplamısınız. Riyaziyyatı humanitarla yanaşı, davamlı yaxşı oxumusunuz?
- Bəli, riyaziyyata marağım var idi. Bilirdim ki, riyaziyyat lazımlı sahədir. ABŞ-da təhsil imkanını qazanandan sonra da mən riyazi biliklərimin üzərində çalışdım. Bilirdim ki, ABŞ-da potensiallı uşaqlar 9-10-cu sinifdə bizim məktəbdə keçdiklərimizi öyrənib bitirirlər. Sonra 11-12-ci siniflərdə artıq universitet dərsləri götürürlər. Bəzi universitet dərsləri məktəbdə olur. Bəziləri elə məktəbdə oxuduğu dövrdə universitetdə kredit götürüb oxuyur. Bu da onları qabağa atır. Üstəlik, ABŞ təhsil sistemi ilə oxuyublar. Bunu bildiyim üçün ABŞ-a getməmişdən əvvəl yayda yuxarı səviyyədə riyaziyyatı da öyrəndim. Düşündüm ki, hansı sahədə təhsil alsam da, riyaziyyat lazım olacaq.
- Universitet dönəmində işləməyə başlamısınız, amma bir az elmi yöndə.
- Birinci kursun yayında bir startapda təcrübə keçdim. İkinci kursdan Boston Uşaq Xəstəxanasında bir professorla elmi araşdırma üzərində işlədim. Elmi araşdırma insanların tibbi tarixçələrini istifadə edərək intihar riski olan şəxsləri müəyyənləşdirəcək süni intellekt modelləri hazırlamaq idi. O adam nə vaxt və hansı xəstəliyə yoluxub? İndiyə qədər hansı diaqnozlar qoyulub? Hansı dərmanları qəbul edib? Bu məlumatları istifadə edərək süni intellekt o adamın intihar riskini tapmalıdır ki, risk yüksək olanlarla professionallar işləsinlər. O mövzuda professorla 2 il araşdırma apardım. O dövrdə iki elmi jurnalda məqaləm çıxdı. Onlardan biri “Nature” jurnalı idi. Jurnalda məqalənin çap olunması bakalavrda çox nadir olur.
Sonra iki fərqli professorla araşdırma apardım. Onlardan biri Massaçusets Texnologiya İnstitutunda süni intellekt metodları üzərində araşdırma idi. Digəri isə Harvard Universitetində süni intellekt üzrə araşdırma aparırdı.
- Universiteti bitirəndən sonra elmi istiqamətdə niyə davam etmədiniz?
- Əvvəllər doktorantura oxumaq istəyirdim amma elmi araşdırma edəndən sonra başa düşdüm ki, mənim istədiyim o deyil. Elmi sahədə fokus odur ki, elmi məqalə çap edəsən. Nə qədər çox məqalən olsa, o qədər yaxşıdır. Həllər təqdim edirsən. Amma sənayedə sürət lazım olduğu üçün sən özün həll etməlisən. Mənim etmək istədiyim şey hansısa problemi kökündən həll etməkdir. Ona görə, seçimim sənayedə işləmək oldu.
- Universiteti bitirəndən qısa müddət sonra “Meta”da işləməyiniz necə oldu?
- Bakalavrın sonunda qısa bir müddət San-Fransiskoda bir startapda işlədim. Bir dostumun startapı idi. Orda yaşamaq, startapların necə işlədiyini görmək istəyirdim. Sonra “Meta”ya gəldim. “Meta”da bir tanışım işləyirdi, o məni məsləhət görmüşdü. Sonra İnsan resursları CV-nə baxır və müsahibə prosesinə başlanılır. Yəni mərhələləri keçsən, iş təklif edirlər. 2 il yarımdır burdayam.
- 17 yaşda ABŞ-a getmək necə idi?
- O dövrdə keçdiyim prosesin indi daha çox fərqinə varıram. Universitet vaxtı iş, dərs o qədər çox idi ki, universitetdən kənara çıxmağa imkan da olmurdu. Təhsili başa vurduqdan sonra artıq ABŞ cəmiyyətini daha çox kəşf etdim.
- “Meta” necə bir iş yeridir?
- İnsanların prioritetləri fərqli olduğu üçün bu suala cavab hər kəsə görə dəyişə bilir. Mənim üçün önəmli olan odur ki, dünyada ən qabaqcıl texnologiyaların üzərində işləyim. “Meta”da da onu tapmışam. Hazırda ağıllı gözlüklərlə bağlı süni intellekt funksiyalarının üzərində işləyirəm. Ondan əvvəl Orion AR gözlükləri (Auqment-olunmuş Reallıq) idi. Bu bizim dövrümüzün ən qabaqcıl texnologiyalarından biri idi. Onun üzərində 2 il çalışdım. Bunlar mənə çox maraqlıdır.
- Bu gün paraleldə özünü inkişaf üçün nələr edirsiniz?
- Texnologiya sahəsi çox tez dəyişir. Sənin onlardan xəbərin olmalıdır. Bəzən hansısa təzə mövzu olur, başa düşmürəmsə, oturub oxuyuram. Bilmədiyim, yeni nə olursa, işdən kənar vaxtda mütləq onu araşdırıram.
Texnoloji xəbərləri ən yenilənmiş formada “X” platformasında almaq mümkündür. Davamlı izləyirəm ki, dünya, texnologiya hansı tərəfə gedir.
- İlkin bəy, karyerada uğurlu olmaqda hansı xarakterinizi önəmli hesab edirsiniz?
- Mənim həyat fəlsəfəm odur ki, nəyisə istəyirəmsə, cəhd edirəm. Cəhd etməsən, bilməzsən ki, ona layiq ola bilərsən, yoxsa yox. Cəhd etməsən, sənin onu əldə etmək şansın sıfırdır. Alınsa, lap yaxşı, alınmasa da nə etmək olar?!
Bir də hamı super karyera qurub super universitetdə oxumalı, öndə gedən texnologiyaların üzərində işləməlidir – deyə bir şey də yoxdur. Adam var ki, istəmir. İstəmirsə, burada səhv heç nə yoxdur. İrəliləmək mənə maraqlıdır. Başqa bir şəxsin prioritetləri fərqli ola bilər.
- İlkin bəy, deyirlər ki, xarici ölkəyə getmək üçün ən yaxşı variant bakalavr təhsilidir. Dostlar qazanırsan və sosial həyatın daha yaxşı olur. Magistr təhsili və iş üçün gedənlərin, sosial həyatda o qədər də çox tanışları olmur. Yetərli qədər ətrafınız var?
- Yetərli qədər ətrafım var. Universitet dönəmində çox dostluq və tanışlıqlar qazandım. Hazırda Nyu-Yorkda yaşayıram. Universitet yoldaşlarımın çoxu iş üçün bura gəlib və əlaqələrimiz davam edir. Şəhərdə nahar yeməkləri üçün görüşürük, bir-birinin evinə qonaq getməklər çox olur. Bakalavrda gəlmək yaxşıdır.
- 10-11-ci sinifdə oxuyan gənc ABŞ-da təhsil planlayırsa, nələrə diqqət etməyi məsləhət görərdiniz?
- Bu, adamdan adama dəyişir. İlk olaraq nədə çox yaxşı olduğunu müəyyənləşdirməlisən. Bunun üçün isə nəyə marağın olduğuna baxmalısan. Mənim professional idmana həvəsim yoxdur, idmançı olmaq istəmirəm. Mənim bu sahə ilə bağlı planım da yoxdur, ona görə o istiqamətdə özümü yoxlamağımın mənası yoxdur. Ancaq hansısa sahəyə marağınızı görürsünüzsə, o istiqamətdə özünü bir yoxla. Əgər o sahədə özünüzü görsəniz, davam edirsiniz, görməsəniz yox. Yəni özünü kəşf etmək üçün sınamalısan.
Özün üçün “Hansı sahədə dünya səviyyəli kadr ola bilərəm?” sualına cavab tapmalısan. Sonra o sahədə dünyada ən yaxşı kadrlardan biri olmağı hədəf qoymalı və onun üçün çalışmalısan.
O məqsədə çatmaq isə asan deyil, zamanla çalışmalısan. Hamı eyni saat işləsə, rəqabətdə kimsə qabağa getməz. Daha çox saat işləməlisən. Yaxud daha həvəsli olmalısan, bu da həvəsi az olanla sənin nəticəndə özünü göstərəcək.
Qısası, “Mən bu işi görmək üçün dünyaya gəlmişəm” kimi hiss içində varsa, onun arxasınca getməlisən. Məsələn, mənim bu gün texnologiyadan başqa işləmək istədiyim sahə yoxdur. Bilik və bacarığın, həvəsin hansı istiqamətdədirsə, o yöndə davam etməlisən. O sahəni nə qədər erkən yaşda tapsanız və özünüzü təkmilləşdirsəniz, yaş qrupunuza görə dünyada ən yaxşılardan biri olsanız, yaşınız artsa da, gəldiyiniz mövqedə qala bilirsiniz.
Aygün Asimqızı / Valyuta.Az