EN

Ərdoğan: BMT dünyada münaqişələrin qarşısını ala bilmir

BMT dünyada, xüsusən də Qəzza zolağında münaqişələrin qarşısını ala bilməyib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan braziliyalı həmkarı Lula da Silva ilə görüşündə bildirib. Danışıqlar Türkiyə dövlət başçısının G20 sammitində iştirak etmək üçün gəldiyi Rio-de-Janeyroda baş tutub. Məlumatı “Anadolu” verib. 

Türkiyə Prezidenti Administrasiyası yanında Kommunikasiyalar Şöbəsindən verilən məlumata görə, görüşdə Ankara ilə Braziliya arasında ikitərəfli əlaqələr, o cümlədən regional və beynəlxalq gündəlikdəki aktual məsələlər müzakirə edilib. Ərdoğan iki ölkə arasında əlaqələrin inkişafı üçün yüksək səviyyəli dialoqun vacibliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Ankara Braziliya ilə strateji tərəfdaşlığın inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.

Türkiyə lideri İsrailin Qəzza zolağında baş verənlər fonunda Braziliya hakimiyyətinin tutduğu mövqeyi yüksək qiymətləndirib.

Prezident xatırladıb ki, Türkiyə İsrailə silah və sursat satışının qarşısını almaq üçün BMT-də təşəbbüs göstərib və Fələstində daimi atəşkəsin bərqərar olması, humanitar yüklərin fasiləsiz çatdırılması, bölgəyə yardımın göstərilməsi və sülhün əldə olunması, “iki xalq üçün iki dövlət” konsepsiyasına əsaslanan ədalətli həllin tapılması üçün əlindən gələni etməyə davam edəcək.

Ərdoğan həmçinin vurğulayıb ki, BMT dünyada, xüsusilə də Qəzza zolağında münaqişələrin qarşısını almaq iqtidarında deyil və Braziliyanın G20-yə sədrliyi dövründə qlobal idarəetmə institutlarında islahatların aparılması məsələsini gündəmə gətirməsi məqsədəuyğun olardı.

 

P.ƏMİRCANOV

XQ

 

 

Chosen
20
xalqqazeti.az

1Sources