EN

Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb

 

Bütün  anım mərasimlərində bir arzumuz var idi - torpaqlarımız azad edilsin, işğal günləri tarixə qovuşsun, yalnız zəfər günlərimizi böyük təntənə ilə qeyd edək. Və o gün gəldi. Bu gün ağdamlılar üçün 23 iyul işğal tarixini yox, 20 noyabr Ağdam Şəhər Gününü böyük sevinclə qeyd edirlər. Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti ilə bir güllə atılmadan düşmənin geri qaytardığı Ağdam indi yenidən quruculuğun baş meydanına çevrilib.

İlham Əliyev xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur".

Şanlı qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da həyat yenidən canlanır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilib. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda hazırda böyük tikinti bumu yaşanır. 

Bu gün Ağdam həqiqətən də cənnətməkana çevrilməkdədir.  2021-ci il mayın 28-də, Müstəqillik Günündə yeni Ağdamın təməl daşını qoyarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi "Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun" fikri düşmənin 27 il ərzində xarabalığa çevirdiyi Qarabağın giriş qapısı sayılan məkanın çox qısa zamanda yenidən cənnətməkana çevriləcəyinin nidası oldu. 

Ağdamın strateji əhəmiyyəti, eləcə də acı mənzərəsi tikinti-quruculuq işlərinin ilk olaraq məhz buradan başlanması zərurətini yaradırdı. Bu səbəbdən də ilk baş planı təsdiqlənən şəhər Ağdam oldu. Bir il öncə Prezident şəhərin baş planına uyğun çox mühüm sosial-iqtisadi infrastrukturların təməlini qoydu. 

Artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Düşmənin 30 ilə yaxın müddətdə talayıb dağıtdığı şəhərə indi yeni nəfəs gəlib. Çox keçməyəcək ki, biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.

Son olaraq onu da vurğulayaq ki, yenidənqurma işlərindən sonra Ağdam Qarabağın ən böyük şəhəri olacaq. Keçmişlə gələcəyin, qədimliklə müasirliyin birləşəcəyi Ağdam həm də Azərbaycanın 4-cü ən böyük yaşayış məskəninə çevriləcək. 

Dilqəm Əlirzayev 

Nizami rayonu 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı

Chosen
15
missiya.az

1Sources