Qərəz, təhdid, uğursuz boykot çağırışlarına baxmayaraq, Azərbaycanın ev sahibliyi etdiyi COP29-a hələ də “ümid işığı” kimi baxanlar var.
“Bəlkə də qaytardılar” ümidi ilə ölkəmizə qarşı antitəbliğat tədbirlərindən əl çəkməyən bu buqələmunlar eyni mərkəzdən aldıqları təlimata uyğun olaraq bəyanatlar verir, sosial şəbəkələrdə paylaşımlar edir və bütün çıxışlarının sonunu ermənilərə bağlayırlar. 30 il Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətmiş, indi bu əməllərinə görə Azərbaycan qanunları ilə cavab verməli olan separatçıların həbsindən danışır, bununla da əsl niyyətlərini ortaya qoyurlar.
Bu “çağırılmış bayatı”ya oynayanlar sırasında isə hər zamankı kimi yenə də Əli Kərimli, onun faktiki sədrliyi altında fəaliyyət göstərən, adı olub, özü olmayan Milli Şura dayanır.
Köhnə nəğmələrini oxuyan Əli Kərimli bu dəfə də Böyük Britaniyanın "The Times" qəzetinə verdiyi müsahibəni paylaşıb və əvvəlki fikirlərini bir daha təkrar edib. Əslində bu fikirlər nə Əli Kərimli, nə də ondan müsahibə götürən media orqanları üçün yenidir. Sadəcə, burada düşündürücü əsas məqamlar başqa nəsnələrdir. İndiyə qədər Azərbaycanda “müxalifət lideri” kimi təqdim etdikləri yada düşməyən Əli Kərimli hardan peyda oldu?
Bir kimsə, hansısa media quruluşu ondan Azəbaycanda insan hüquqları, demokratiya, siyasi məhbuslarla bağlı nəsə soruşmadığı halda birdən-birə niyə yada düşdü və Əli Kərimlinin xarici mediada “ulduzu parladı”? Əli Kərimlinin dünya siyasəti, ya elə Azərbaycan üçün hansı önəmli fikirləri var ki, onun varlığını-yoxluğunu bilməyən həmin media qurumları onları tirajlamağa ehtiyac duyub? Təbii ki, məqsəd bəllidir.
Bu addımların arxasında Azərbaycana qarşı oyunlar dayanır. Bu sifarişi verənlər, anti-Azərbaycan mərkəzləri divident oyunu aparır və Əli Kərimli də bu məsələdə onların əlində bir oyuncaqdır. Hər iki tərəfin ortaq nöqtələri var. Bu nöqtə həmin mərkəzlərin Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinə, Ermənistanın sülh üçün küncə sıxışdırılmasından əndişələnməsidir.
Əli Kərimli isə cılız məqsədləri – vəzifə, qazanc hərisliyindən mənsub olduğu ölkəyə qarşı qurulan oyunlarda iştirakçılığı könüllü qəbul edib. Qərbin bəzi dairələri, dünyadakı ermənipərəst siyasətçilər, konqresmenlər üçün güclü, ərazi bütünlüyünü təmin etmiş Azərbaycanın təhlükəli olduğu aydındır. Belə olan halda onların dövlətləri regionda Azərbaycanın işirakı olmadan öz maraqlarını təmin edə, həmin siyasətçilər isə erməni lobbisindən pul qazana bilməyəcəklər.
Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi xəstə təfəkkürlü “siyasətçilər” isə dövlətlə hakimiyyəti səhv saldıqlarından, həmin mərkəzlərin əlaltısına çevriliblər. Əli Kərimli siyasəti də, müxalifətçiliyi də oyunbazlıq və şəxsi qazancları üçün alətə çevirib.
Özünü hər kəsə “ana müxalifətin lideri” kim təqdim edən və etdirən Əli Kərimli ağına-bozuna baxmadan qarşısına çıxan hər kəsə müsahibə verib ölkəni pisləməyə çalışır. Üzünə açılan bütün qapıların Azərbaycana qarşı yönəldiyini bilə-bilə bu oyuna məmnuniyyətlə qoşulub, halbuki qazanc axtarışına çıxmaq dövlətə qarşı çıxmaqdır.
“Cebhe.info” Analitik Qrupu