EN

Trampın xarici siyasətində Qəzzada və Ukraynada münaqişələrin diqqət mərkəzində olacağı gözlənilir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Amerika birincidir” prinsipinə qayıdış vədindən başqa yeni administrasiyası dövründə Birləşmiş Ştatların xarici siyasətinin necə formalaşacağı ilə bağlı detalları açıqlamayıb. Lakin seçkilərdə qələbə qazandıqdan sonra dünya liderləri ilə ilk danışıqlar onun Yaxın Şərq və Ukraynada münaqişələrə tez zamanda son qoymaq vədlərini yerinə yetirmək niyyətində olduğunu göstərir. Amerikanın Səsinin Ağ Ev bürosunun rəhbəri Patsi Vidakusvara daha ətraflı məlumat verir.

Qəzzada İsrail və HƏMAS arasında müharibə və Rusiyanın Ukraynaya müdaxiləsi Donald Trampın “Amerika birincidir” xarici siyasəti ilə Ağ Evə qayıtdığı vaxt qlobal səviyyədə əsas beynəlxalq məsələlər olacaq.

Donald Tramp, ABŞ-ın yeni seçilmiş prezidenti

“Sizə, insanlara verdiyim vədi yerinə yetirməyimə heç nə mane ola bilməz. Amerikanı yenidən təhlükəsiz, güclü, firavan, güdrətli və azad edəcəyik”.

Trampın səlahiyyət müddəti yanvarın 20-də başlayır, lakin o, İsrailin baş naziri Benyamin Netanyahu və Ukrayna prezidenti Volodimir Zelenski də daxil olmaqla, artıq dünya liderləri ilə telefonla danışıb.

Moskva Trampın Rusiya prezidenti Vladimir Putinlə də danışdığına dair xəbərləri təkzib edir.

Tramp kampaniyası zamanı müharibələri mümkün qədər tez bitirməyə söz verib. Təhlilçilər onun buna hazır olduğunu deyirlər.

Xarici Əlaqələr Şurasının baş elmi işçisi Çarlz Kupçan: “Söhbət Yaxın Şərqdən gedirsə, düşünürəm ki, müəyyən mənada mesaj “tələsin və bu müharibəni bitirin” olacaq. Ukrayna üçün bu, [müharibəni] “dayandırın” olacaq.

Tramp heç vaxt müharibələri necə dayandıracağını açıqlamayıb. Lakin o, ABŞ-ın Ukraynaya göndərdiyi milyardlarla dollarlıq yardımını tez-tez tənqid edir. Müharibənin tez başa çatması Kyivdən böyük güzəştlər demək ola bilər. Bunun baş verməsi isə Zelenskinin bildirdiyinə görə, mümkün deyil.

Ukrayna Prezidenti Volodimir Zelenski: “Biz bu müharibənin ədalətli bitməsini istəyirik. Əminəm ki, müharibənin tezliklə başa çatması itkilər demək olacaq”.

Şimali Koreyanın Moskvaya kömək üçün əsgər göndərməsi ilə Ukraynada müharibənin Koreya yarımadasında gərginliyin artdığı bir vaxt daha geniş geosiyasi nəticələri ola bilər.

Tramp həmçinin təkcə Qəzzada HƏMAS ilə deyil, həm də müharibənin ikinci cəbhəsi olan Livanda Hizbullahla atəşkəsdən daha çox maksimalist məqsədlərə hədəflənmiş İsraillə anlaşmalı olacaq. Hər iki qrup İranın proksi qüvvələridir.

İsrailin baş naziri Benyamin Netanyahu: “Biz İran tərəfindən təhdidi onun bütün komponentlərində və yaratdığı təhlükədə görürük. Biz həmçinin İsrail qarşısında sülh və onun genişlənməsi sahəsində böyük imkanlar görürük”.

Tramp ticarət sahəsində xüsusilə də Çinə qarşı sərt davranacağını vəd edib. Çin prezidenti Şi Tsinpin Trampa təbrik məktubunda “sabit, sağlam və davamlı” əlaqələrə çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning: “Şi Tsinpin qeyd edib ki, tarix Çin və ABŞ-ın əməkdaşlıqdan faydalandığını və qarşıdurmadan zərər çəkdiyini göstərir”.

Tramp həmçinin immiqrasiyaya qarşı sərt tədbirlər görəcəyini vəd edərək, sənədsiz immiqrantları kütləvi şəkildə deportasiya edəcəyinə söz verib.

O, bazar ertəsi bu vədini yerinə yetirərək, ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsinin keçmiş direktor müavini Tom Homanı yeni “sərhəd çarı” təyin edib.

visiontv.az



Chosen
23
50
visiontv.az

10Sources