EN

"Yaşıl iqtisadiyyata keçid işçi qüvvəsinin bacarıqlarının inkişafını da aktuallaşdırır" - Sahil Babayev

"Yaşıl iqtisadiyyata keçid işçi qüvvəsinin bacarıqlarının inkişafını da aktuallaşdırır".

 

Sfera.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafəsi naziri Sahil Babayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “İqlimə Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə Yüksək Səviyyəli Görüş”ün panel müzakirələri zamanı deyib. 

 

O bildirib ki, hazırda nazirliyin peşə hazırlığı mərkəzləri işaxtaran şəxslərə yaşıl bacarıqlar üzrə kurslar təklif edir:

 

"Bu sahədə təlim proqramları yaşıl iqtisadiyyata keçid üçün vacib olan yeni iş sektorlarını dəstəkləmək məqsədi daşıyır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas prioritetlərindən biri işçi qüvvəsinin bacarıqlarının əmək bazarının dəyişən tələblərinə uyğun davamlı inkişafına nail olunmasıdır. Nazirlik bu istiqamətdə dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektoru əhatə edən geniş əməkdaşlıq şəbəkəsi yaradıb".

 

S.Babayev qeyd edib ki, əsas məqsəd əmək bazarının tələblərinə uyğun bacarıqlara malik işçi qüvvəsini inkişaf etdirmək, eyni zamanda yeni məşğulluq imkanlarının yaradılmasını təşviq etməkdir:

 

"Aparıcı İKT və innovasiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində işçi qüvvəsinin yeni bacarıqlar qazanmaları üçün peşə hazırlığı proqramları təşkil edilir. Xüsusi sosial müdafiəyə ehtiyacı olan insanların məşğulluq imkanlarını asanlaşdırmaq üçün birgə layihələr də həyata keçirilir".

 

2021-2024-cü illər ərzində Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə ümumilikdə 1600 peşə təlimi kursunun təşkil edildiyini bildirən nazir bu sahədə peşə təhsili mərkəzləri, dövlət və özəl tədris müəssisələri ilə əməkdaşlığı, növbəti illərdə bu əməkdaşlıq şəbəkəsinin daha da genişləndiriləcəyini diqqətə çatdırıb. 

 

O qeyd edib ki, nazirlik yaşıl iqtisadiyyata keçidlə bağlı yaşıl iş yerlərinin yaradılması üzrə də bu tərəfdaşlığı genişləndirməkdə maraqlıdır:

 

"Yaşıl iqtisadiyyatın ehtiyaclarına uyğun bacarıqlara malik işçi qüvvəsinin yetişdirilməsi üçün peşə təhsili mərkəzlərinin genişləndirilməsi əsas istiqamətlərdən biridir. Hazırda nazirliyin peşə hazırlığı mərkəzləri işaxtaran şəxslərə yaşıl bacarıqlar üzrə kurslar da təklif edir. Bu sahədə peşə təlimi proqramları Azərbaycanın yaşıl iqtisadiyyata keçidi üçün vacib olan yeni iş sektorlarını dəstəkləmək və inkişaf etdirmək məqsədi daşıyır".

 

Qeyd edək ki, panel müzakirələrində həmçinin İtaliya, Hollandiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya və digər ölkələrdən qurum rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri fikirlərini ifadə ediblər. 

 

Firuzə Əliyeva

Chosen
26
2
sfera.az

3Sources