EN

"COP 29: Azərbaycan dünyaya təşkilatçılıq bacarığını göstərdi" – Rauf Zeyni ilə Müsahibə

Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, COP 29-un təşkilatçılığı və Azərbaycan üçün tarixi əhəmiyyəti ilə bağlı fikirlərini QHT.az-a bölüşdü. Bu mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunmasının, ölkəmizin inkişaf etmiş və mütərəqqi dövlətlər arasında yerini daha da möhkəmləndirdiyini vurğulayan QHT sədri həmçinin iqlim dəyişikliyi məsələlərində vətəndaş cəmiyyətinin rolunu da önə çəkdi.

 

QHT.az: COP 29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə nə düşünürsünüz? COP 29-a qatılan digər ölkələr tərəfindən Azərbaycan necə qiymətləndirildi?

Rauf Zeyni: "COP 29 Azərbaycan üçün yalnız bir beynəlxalq tədbir deyil, eyni zamanda ölkəmizin inkişaf etmiş, güclü dövlət olaraq dünya səhnəsindəki mövqeyini təsdiq edən bir addımdır. Bir çox beynəlxalq nümayəndə, xüsusən də uzun müddət COP tədbirlərində iştirak etmiş şəxslər, bu ilin COP 29-un ən yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar. Bu, Azərbaycanın təşkilatçılıq qabiliyyətini dünya səviyyəsində tanıtdı. Birinci növbədə Azərbaycan Respublikasının belə yüksək səviyyədə tarixi COP 29-un təşkilatçılığına və keçirilməsinə görə mən bütün xalqımızı, bütün ictimaiyyətimizi, cəmiyyətimizi təbrik edirəm və COP hələ davam edir. Təbii ki, inanıram sona qədər də yüksək səviyyədə COP29 bu tarixi məsuliyyətin öhdəsindən biz gələcəyik. Mən demişdim, tədbirlərin birindəki COP29 Azərbaycan üçün beynəlxalq Universitetdə dövlət imtahanı deməkdir. Bir mütərəqqi, inkişaf etmiş bir dövlət olaraq biz böyük dövlətlərin, güclü dövlətlərin əhatəsində olan bir dövlət kimi göstərdik ki, biz sayca dövlətlərdən, yəni əhalimiz az ola bilər, iqtisadiyyatımız onlardan zəif ola bilər, amma biz doğrudan da, dövlətçilik məsələsində güclü, qüdrətli bir dövlətik ki, biz bu böyük beynəlxalq tədbirlərin də ən yüksək səviyyədə öhdəsindən gələ bilirik. Bu təkcə mənim sözlərim deyil, COP 29-a gələn çox mötəbər tanınmış insanların dilindən bunları eşitdik".

 

QHT.az: Beynəlxalq tədbirdə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının fəallığı necə təhlil olunur?

Rauf Zeyni: "Azərbaycan qeyri-hökumət təşkilatları bu tədbirdə çox fəal iştirak etdilər. Bizim vətəndaş cəmiyyəti institutlarımız, o cümlədən Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, müxtəlif ekoloji layihələr və maarifləndirmə tədbirləri ilə COP 29-a əhəmiyyətli töhfələr verdilər. COP29 həqiqətən, çoxtərəfli, maştablı, miqyaslı bir tədbirdir. Əlbəttə ki, iqlim dəyişikliyi ilə əlaqədar olaraq hər hansı bir strategiyanın ortada olması vacibdir, çünki COP29 artıq 30 ilə yaxındır ki, bu COP-lar keçirilir. Bilirsiniz, ilk müqavilə 1992-ci ildə Braziliyada imzalanıb, sonra 1994-cü ildə yeni ölkələr qoşulub və daha da rəsmiləşib. Yəni bu, illərlə keçirilir".

 

QHT.az: İqlim dəyişikliyi ilə bağlı hansı əsas təkliflər irəli sürülüb?

Rauf Zeyni: "COP 29-da iqlim dəyişikliyi ilə bağlı müxtəlif meqa layihələr, təkliflər və layihələr təqdim olundu. Bunlar, xüsusən 2050-ci ilə qədər dünya ölkələrinin atmalı olduğu addımlar və ekoloji fəlakətlərin qarşısını almağa yönəlmiş layihələr idi. Hansı dünya ölkələri, böyük şirkətlər bu layihələri nəzərdə tuturlar, COP-un çərçivəsində, COP proqramları və layihələri çərçivəsində hansı təkliflər irəli sürülür, biz bunların bəzilərinin şahidi olduq, dinlədik və istər Birləşmiş Ərəb Əmirliklərinin, istər Avropa ölkələrinin və digər ölkələrin təklif etdiyi layihələr, doğrudan da çox maraqlı və diqqət cəlb edən layihələrdir. Əlbəttə ki, dediyimiz kimi, iqlim dəyişikliyi siyasətinə BMT çərçivəsində dayanıqlı inkişaf çərçivəsində hansı töhfələri verə bilər bu milyardları, milyonları əhatə edən layihələr çox maraqlıdır və bundan irəli gələrək də bu, əlbəttə ki, vətəndaş cəmiyyəti üçün də çox diqqət cəlb edir. Bizim qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları da bilavasitə COP29 çərçivəsində fəallıq nümayiş etdirdilər. Bacardıqları qədər təbii ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də bir neçə görülən tədbir nümayiş etdirdi və doğrudan da həm ölkəmizin, həm regionun, həm də dünyanın diqqətini cəlb edə bilən tədbirlər həyata keçirdi".

 

QHT.az: Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının gələcək fəaliyyətinə dair fikirləriniz nədir?

Rauf Zeyni: "Vətəndaş cəmiyyəti bu tip böyük tədbirlərdə aktiv olmalı və gələcəkdə də öz təkliflərini irəli sürməli, yeni hədəfləri müəyyən etməlidir. Bizim qeyri-hökumət təşkilatlarımızın, xüsusilə iqlim dəyişikliyi məsələlərində daha çox söz sahibi olmaları çox vacibdir. Həm Dövlət Dəstəyi Agentliyi, həm Milli QHT Forumu, həm Beynəlxalq Avrasiya Mətbuat Fondu, həmçinin ekoloji təşkilatlar burada çox böyük maarifçilik tədbirləri həyata keçirdilər, təqdimat tədbirləri təşkil etdilər. Düşünürəm ki, vətəndaş cəmiyyətinin aktivinə yazıldı, çünki vətəndaş cəmiyyəti də COP29-un daha yüksək səviyyədə keçirilməsinə öz layiqli töhfələrini verə bildi. Mən bu dəqiqə belə düşünürəm.

Təbii ki, ayın 22-sinə qədər COP29 davam edir. Düşünürəm ki, yenə də aktiv fəaliyyət, geniş fəaliyyət öz işini davam etdirəcək. Ümumiyyətlə, layihələr baxımlıdır. Biz yenə də baxmalıyıq ki, bundan sonrakı illərdə məhz COP29-un çərçivəsində təqdim olunan təkliflər, layihələr, hansı yeni çağırışlar və yeni hədəflər müəyyən edilir. Biz onları əlbəttə ki, Dövlət Dəstəyi Agentliyi olaraq, qeyri-hökumət təşkilatları olaraq nəzərdən keçirməliyik və bundan sonrakı illərdə həm ölkəmizdə, həm regionda, həm də dünyada iqlim dəyişikliyi ilə əlaqədar olaraq, bütövlükdə onun fəsadları ilə əlaqədar aradan qaldırılması ilə və təbii ki, yaşıl dünya naminə həmrəyliyə dair addımlar atmalıyıq".

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
29
qht.az

1Sources