EN

Gələcək 5 ildə Aİ icraya və investisiyalara fokuslanacaq - Vopke Hukstra

Avropa İttifaqı (Aİ) gələcək beş ildə emissiyaları 2030-cu ilə qədər ən azı 55 faiz azaltmaq və 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq hədəflərinə çatmaq üçün həyata keçirmə və investisiyalara fokuslanacaq.

Olaylar xəbər verir ki, bu barədə Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra "Sənaye və energetikanın qlobal dekarbonizasiyasının sürətləndirilməsi - iqtisadiyyatın modernləşdirilməsi və inkişaf proqramı" mövzusunda panel müzakirə zamanı bildirib.

"Son beş ildə əsas hədəfimiz Avropa Yaşıl Kursunu hazırlamaq və həyata keçirmək olub. Biz 2030-cu ilə qədər emissiyaların ən azı 55 faiz azaldılması və 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq üçün hüquqi baxımdan məcburi hədəflər müəyyən etdik.

Gələcək beş ildə Aİ bu vəzifələri yerinə yetirmək üçün həyata keçirmə və investisiyalara fokuslanacaq. Biz yeni siyasi dövrün astanasındayıq və ilk yüz gün ərzində bugünkü müzakirə mövzumuz olan - iqlim tədbirlərini iqtisadi siyasətlə necə birləşdirə biləcəyimizi müzakirə edəcəyik. Bunu "təmiz sənaye üçün yeni müqavilə" adlandırdığımız təşəbbüsü təqdim etməklə həyata keçirəcəyik.

Əminəm ki, bu müqavilə Avropada investisiyaları və sənaye inkişafını təşviq edəcək. Məsələn, təmiz texnologiyalar üçün icazə proseslərinin sadələşdirilməsi və sürətləndirilməsi, özəl və dövlət kapitalının cəlb edilməsi, işçilərin ixtisaslarının artırılması, təmiz texnologiyaların dəstəklənməsi ilə. Xüsusilə vacib olan odur ki, təmiz enerji daha əlçatan və sərfəli olmalıdır, çünki bu məsələ sonda hər şeyin mərkəzində dayanır", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
1
olaylar.az

2Sources