EN

ABŞ gömrüyü ticarət proseslərinin ətraf mühitə ziyan vurmadan sadələşdirilməsinin yollarını açıqlayıb

ABŞ Gömrük və Sərhəd Mühafizəsinin (CBP) “Yaşıl Gömrük” strategiyası dörd əsas istiqamətə əsaslanır - “yaşıl ticarət”in təşviqi, nəzarət mexanizmlərinin gücləndirilməsi, innovasiyaların sürətləndirilməsi və daxili əməliyyatların optimallaşdırılması.

“Report” xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsinin Ticarət İdarəsinin nümayəndəsi Enmeri Haysmit COO29 çərçivəsində keçirilən “Yaşıl Gömrüklər: Davamlı Ticarətin Asanlaşdırılması, İnnovasiya və Standartlarla İnkişafı” adlı tədbirdə deyib.

“Bu strategiyanın məqsədi həm ticarət proseslərini ətraf mühitə ziyan vurmadan sadələşdirmək, həm də karbon emissiyalarını azaltmaqdır”, - deyə E. Haysmit vurğulayıb.

Onun sözlərinə görə, CBP-nin “yaşıl ticarət” üzrə strateji vizyonu dəyişməz olaraq qalır: “Tərəfdaşlarla əməkdaşlıq nəticəsində həm ticarətin asanlaşdırılması, həm də ətraf mühitin qorunması sahəsində mühüm nailiyyətlər əldə olunur”.

E. Haysmit qeyd edib ki, CBP bizneslər üçün bərabər fəaliyyət mühiti yaratmaq məqsədilə qaydaların aydın başa düşülməsi və şəffaf şəkildə tətbiq edilməsini təmin edir:

“Hamı qaydaları bilir və onlara əməl etməlidir. Biz ABŞ bazarına zərərli məhsulların daxil olmasının qarşısını alır, saxta malları aşkarlayır və məcburi əməyə əsaslanan məhsulların ticarətinə icazə vermirik”, - CBP-nin nümayəndəsi deyib.

O, həmçinin gömrük idarələrinin sərhədlərdən keçən bütün mallar haqqında böyük həcmdə məlumat topladığını və bu məlumatların qlobal ticarət axınlarının təhlilində istifadə edildiyini qeyd edib. E. Haysmit bildirib ki, CBP təkcə bir gün ərzində 9,1 milyard ABŞ dolları dəyərində idxal olunan məhsulu emal edir, 100 mindən çox yük maşını, dəmir yolu və dəniz ilə çatdırılan konteynerləri sərhədlərdən keçirir, həmçinin 253 milyon ABŞ dolları məbləğində rüsum, vergi və ödəniş toplayır.

O vurğulayıb ki, CBP ədalətsiz ticarətə qarşı mübarizədə qətiyyətini nümayiş etdirir.

Chosen
17
report.az

1Sources