EN

COP29-un əsas məqsədlərindən biri inklüziv nəticələrin əldə edilməsidir  -Elnarə Ənsari

“Azərbaycan dünya ictimaiyyətinin marağında olan mötəbər tədbirə - COP29-a ev sahibliyi edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış və həssas əhali qruplarından olan şəxslərə xidmət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də bu mötəbər tədbirdə təmsil olunur.”

Bunu “İki sahil”ə açıqlamasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Elnarə Ənsari deyib.

E.Ənsari bildirib ki, COP29 kimi qlobal miqyaslı tədbirin bir parçası olmaq həm şəxsi, həm də milli səviyyədə böyük qürur mənbəyidir: “Tədbirdə iştirak edən hər kəs bu təşəbbüslərin bir hissəsi olaraq qlobal cəmiyyətə töhfə verir. Heç təsadüfi deyil ki, COP29-un əsas məqsədlərindən biri hər kəsin səsinin eşidilməsi, inklüziv nəticələrin əldə edilməsidir. Həssas qruplardan olan şəxslərin ekoloji maarifləndirilməsi həm onların hüquqlarının qorunması, həm də təbiətin və ətraf mühitin davamlılığı üçün vacib məsələdir. Bu gün COP29-da “İnklüzivlik Günü” kimi qeyd olunur. Yaşıl Zonada bu günün ilk tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Mərkəz tərəfindən  təqdim edilir. Hazırda “Art Pavillion”da konsert proqramı və sərgi nümayiş etdirilir. Mərkəzimizin üzvləri bu tədbirə böyük həvəslə hazırlaşıblar.”

Elnarə Ənsari məlumat verib ki, Mərkəzin və “DOST Evi” filialının yaradıcılıq studiyalarında benefisiar və təlimçilər tərəfindən təsviri incəsənət, keramika, floristika, bədii oyma, bədii tikmə və digər istiqamətlər üzrə hazırlanan müxtəlif sənət nümunələri sərgilənir: “Həmçinin bu gün Mərkəzin istedadlı üzvlərinin ifasında musiqi və rəqs nömrələri təqdim olunur. Konsert proqramında dünya musiqisi, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinə üstünlük vermişik. Bir incə məqamı da xüsusilə vurğulamaq istəyirəm ki, qonaqlara Mərkəzimizdə hazırlanan və təbiətə töhfə verməyin zəruriliyinə diqqət çəkən rəmzi hədiyyələr də hazırlamışıq. Hesab edirəm ki, bu  prosesə həssas qrupların cəlb edilməsi, onların aktiv iştirakını və problemləri daha yaxşı anlamalarını təmin edir. Onu da nəzərinizə çatdırım ki, COP29 tədbirinə hazırlıq öncəsi də Mərkəz üzvləri  ətraf mühitin mühafizəsinə xidmət edən təşəbbüslərə qoşulublar. Yaradıcılıq studiyalarımızda istifadəyə yararsız və eko-dost məhsullardan əl işləri hazırlanması ilə yanaşı, həssas əhali qruplarından olan şəxslərin iştirakı ilə ağacəkmə aksiyaları, eko-parklara və qoruqlara infoturlar təşkil edilib.”

Qeyd edək ki, COP29 Məlumat Mərkəzində interaktiv sessiya çərçivəsində Mərkəzin təlimçiləri tərəfindən müxtəlif istiqamətlər üzrə master-klaslar keçirilib, eyni zamanda əl işləri sərgilənib.

Orxan Vahidoğlu, “İki sahil”

Chosen
20
ikisahil.az

1Sources