EN

"Artıq psixoloqa müraciət etməyə normal baxılır" - PSİXOLOQ

"Son dövrlərdə psixoloqa müraciət etmək artıq daha normal qəbul edilməyə başlanılıb". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, artıq insanlar psixoloji dəstəyi şəxsi inkişaf və sağlam həyatın bir hissəsi kimi görməyə başlayıblar:

"Əvvəllər isə psixoloqa getmək bəzən birmənalı qarşılanmırdı. İndi vəziyyətin dəyişməsinə əsas səbəblərdən biri maarifləndirmədir. Sosial şəbəkələrdə və mediada psixologiyanın önəmi geniş müzakirə olunur. 

İnsanlara psixoloqa müraciətin yalnız ciddi problemləri həll etmək deyil, eyni zamanda, şəxsi inkişaf, özünüdərk və daha sağlam həyat üçün bir addım olduğu izah edilməlidir. Həmçinin, hər bir psixoloqun etik prinsiplərə sadiq qalması da cəmiyyətin bu sahəyə etimadını artırır". 

362648

Lakin psixoloq qeyd edib ki, hələ də kiçik şəhərlərdə və ya ənənəvi düşüncələrin üstünlük təşkil etdiyi yerlərdə psixoloqa gedən insanlar yanlış anlaşılmaqdan qorxurlar:

"Ancaq bu baryerləri də tədricən aşırıq. Maarifləndirmə işləri daha da genişlənməlidir. İnsanlara izah olunmalıdır ki, psixoloqa müraciət etmək fiziki sağlamlıq üçün həkimə getmək qədər təbiidir. Yəni buna görə çəkinmək lazım deyil. 

Psixoloqa müraciət etmək zəiflik deyil. Əksinə, bu addım güc və cəsarət tələb edir. Bu, sizin həyat keyfiyyətinizi yaxşılaşdırmaq, daxili dünyanızı tanımaq və problemləri daha sağlam şəkildə həll etmək üçün çox vacibdir". 

Həmsöhbətimiz vurğulayıb ki, cəmiyyətdə mental sağlamlıq məsələlərinin normal qəbul edilməsi, insanların öz problemlərindən utanmadan dəstək istəməsi və bu dəstəyi alaraq həyatda irəliləməsi olduqca əhəmiyyətlidir:

"Psixoloqa müraciət, insanın keçmişin ağır yükündən azad olaraq gələcəyinə daha inamla baxmasına, daxili sükunət və emosional balans tapmasına şərait yaradır. Cəmiyyətdə psixoloqların rolunun getdikcə daha çox dərk edilməsi, insanların həyat keyfiyyətini artırmaq və daha sağlam münasibətlər qurmaq üçün bir vasitə kimi görülməyə başlanması olduqca sevindiricidir".

Pərviz

Chosen
14
hit.az

1Sources