EN

Konvolyusiya neyron şəbəkələrinin arxitekturalarına dair tədqiqat aparılır

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “CNN və arxitekturaları” mövzusuna həsr edilmiş elmi seminar keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Məruzəni təqdim edən institutun əməkdaşı Leyla Məmmədova CNN kimi tanınan konvolyusiya neyron şəbəkələrinin üç təbəqədən ibarət olan xüsusi bir neyron şəbəkə növü olduğunu diqqətə çatdırıb. Tədqiqatçı bildirib ki, CNN neyron şəbəkəsi bir görüntüdən məlumat çıxarmağa kömək edən çox sayda gizli təbəqələrə malikdir. O, CNN-in peyk şəkillərini müəyyən etmək, tibbi təsvirləri emal etmək və anomaliyaları aşkarlamaq üçün geniş istifadə olunduğunu vurğulayıb.

L.Məmmədova konvolyusiya neyron şəbəkələrinin bəzi arxitekturaları haqqında məlumat verib, hər bir arxitekturanın neyron şəbəkələrinin inkişafı baxımından unikal problemləri həll etdiyini diqqətə çatdırıb.

Məruzəçinin sözlərinə görə, ən erkən konvolyusiya neyron şəbəkələrindən biri olan, 1980-ci illərin sonlarında əl ilə yazılmış rəqəmləri tanımaq üçün hazırlanmış LeNet CNN-lərin nisbətən az hesablamalarla yüksək dəqiqlik əldə edə biləcəyini sübut edib.

O, konvolyusiya neyron şəbəkələrindən olan AlexNet-in arxitekturası haqqında məlumat verərək bildirib ki, səkkiz qatdan ibarət olan bu arxitektura dərin neyron şəbəkələrin daha sürətli təlimini təmin edib.

Tədqiqatçı ResNet şəbəkəsinin 2015-ci ildə “Microsoft” Araşdırma Mərkəzi tərəfindən təqdim olunduğunu qeyd edib. Məruzəçinin sözlərinə görə, bu şəbəkə keçid əlaqələri təqdim etməklə öyrənmə səmərəliliyinin artırılmasına və təkmilləşmiş görüntü analizi əldə olunmasına imkan verib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Chosen
69
tehsil.biz

1Sources