EN

Qlobal bazarlar enir; dollar və istiqraz gəlirləri zirvədədir - "Reuters"

Valyuta.Az "Reuters"in ənənəvi bazar ertəsi xülasəsini təqdim edir:

ABŞ dolları və istiqraz gəlirləri bazar ertəsi günü bir neçə aylıq yüksək səviyyəsində sabit qalıb, çünki investorlar Federal Ehtiyat Sisteminin faiz endirimlərində daha yavaş hərəkət edəcəyini gözləyirlər. Bu arada qlobal səhmlər əsasən ucuzlaşır, həftənin sonlarında isə "Nvidia"nın qazanc hesabatı gözlənilir.  

ABŞ prezidenti seçilmiş Donald Trampın (Donald Trump) yeni administrasiyası keçən həftə səhiyyə və müdafiə üzrə vəzifələrə təyinatlarla formalaşmağa başlasa da, maliyyə bazarları üçün əsas olan xəzinədarlıq katibi və ticarət nümayəndəsi vəzifələrinə hələ təyinatlar açıqlanmayıb.  

Trampın səhiyyə vəzifəsinə peyvənd skeptiki Robert Kennedi C.-ni (Robert Kennedy Jr.) təyin etməsi səhiyyə sektorunda qalmaqala səbəb olub və keçən həftə dərman istehsalçıları arasında qiymətlərin düşməsinə gətirib çıxarıb.  

"ABŞ-da makroiqtisadi və siyasi xəbərlərin son dalğası nəzəri olaraq yavaşladığı üçün bu həftə daha sakit keçməlidir, əsas diqqət isə Tramp administrasiyasının mümkün siyasi təyinatlarına yönələcək," – deyə "Deutsche Bank"ın qlobal iqtisadiyyat və tematik tədqiqatlar rəhbəri Cim Reid (Jim Reid) bildirib.  

Trampın aşağı vergilər və yüksək tariflər siyasəti inflyasiyanı artıracağı və Federal Ehtiyat Sisteminin faizləri azaltmaq üçün hərəkət sahəsini məhdudlaşdıracağı gözlənilir.  

ABŞ xəzinə istiqrazlarının gəlirləri bazar ertəsi çox aylıq zirvələrdə sabit qalıb. Əsas 10 illik istiqrazların gəliri 4.4256%, iki illik istiqrazların gəliri isə 4.2823% səviyyəsində dayanıb.  

Qlobal səhmlər zəifdir  

Qlobal səhmlər Trampın yeni komandasına dair son inkişaflar və pul siyasəti ilə bağlı gözləntilər fonunda bir qədər ucuzlaşıb.  

Dünya üzrə səhmlərin ən geniş göstəricisi olan MSCI indeksi 0.1% enib, pan-Avropa STOXX 600 indeksi isə 0.2% azalıb. Frankfurt, London və Paris birjalarında əsas indekslər 0.1%-dən 0.2%-ə qədər enib.  

Nasdaq-ın gələcək kontraktları keçən həftə ardıcıl beş günlük enişdən sonra 0.5% artıb. "Nvidia"nın çərşənbə günü gözlənilən hesabatında analitiklər süni intellekt çip istehsalçısının gəlirlərində sıçrayış gözləyirlər. "Nvidia" səhmləri bu il təxminən 200% artıb.  

Yaponiyanın Nikkei 225 indeksi texnologiya səhmlərinin ucuzlaşması fonunda 1.1% azalıb. "Bank of Japan" rəhbəri Kazuo Ueda bazar ertəsi faiz artırımı ilə bağlı qeyri-müəyyən açıqlamalar verib.  

Əmtəə bazarları  

Neft qiymətləri qarışıq olub. Brent markalı neftin bir barelinin qiyməti 71.03 dollar səviyyəsində sabit qalıb, ABŞ nefti isə 66.88 dollara qədər 0.2% ucuzlaşıb. Qızılın bir unsiyası isə 2,590 dollarla 1.1% bahalaşıb.  

Tərcümə etdi: Aydın

Chosen
13
valyuta.az

1Sources